Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonu İcra hakimiyyəti başçısı Adil Məmmədovun 2015-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrinə dair hesabatı keçirildi

18 fevral 2016 | 16:00

Qobustan rayonu İcra hakimiyyəti başçısı Adil Məmmədovun 2015-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrinə dair hesabatı keçirildi

      Qobustan rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağı keçirilib. Yığıncaqdan əvvəl iştirakçılar və qonaqlar rayonda istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olublar Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun məruzəsi dinlənilib, müzakirələr aparılıb.
     Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrin uğurla yerinə yetirildiyi, iqtisadiyyatın ayrı-ayrı sahələrində diqqətəlayiq nəticələr qazanıldığı xüsusi qeyd edilib. Bildirilib ki, 2014-cü illə müqayisədə ümumi məhsul buraxılışı 13,7 faiz, kənd təsərrüfatı məhsullarının istehsal həcmi isə 23,5 faiz artıb. Bu artım bitkiçilikdə 3 dəfə, heyvandarlıqda 2,3 faiz olub.  Ötən il rayonda sosial layihələr uğurla icra olunub, genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri görülüb.
     Hazırda rayonda 1 şəhid ailəsi və 2 nəfər Qarabağ əlili üçün fərdi yaşayış evi tikilir. Cəzaçəkmə müəssisələrindən azad edilən şəxslər üçün 50 yerlik adaptasiya mərkəzinin inşası başa çatdırılıb, yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. Qobustan şəhərində 100 yerlik uşaq bağçasının tikintisi yekunlaşıb. Əhalinin məşğulluğu sahəsində də ciddi tədbirlər görülüb. 2299 yeni iş yeri yaradılıb ki, bunun da 170-i daimidir. Hesabat yığıncağında qarşıda duran vəzifələr geniş müzakirə olunub, konkret tapşırıqlar verilib.
    Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edərək, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrdən danışıb. Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər