Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur
Dünyada ən böyük problemə çevrilmiş koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Bütün dövlətlər qabaqlayıcı tədbirlər görür, virusun təsirinin azaldılması üçün bir sıra addımlar atırlar. İnfeksiyanın yayılma sürətinin qarşısını almaqda belə böyük dövlətlər çətinlik çəkir.
Azərbaycanda əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün təxirəsalınmaz tədbirləri həyata keçirilir. Əhalinin sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür və uğurlu nəticələr əldə olunmaqdadır.
Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqustda keçirdiyi müşavirədəki çıxışında bildirib ki, “Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.”
Virusla mübarizədə həkimlərimizin əməyi danılmazdır. Gecə-gündüz bilmədən xəstələrin müalicəsinə çalışan tibb işçilərinin fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, “Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir”.
Son günlər də ölkədə xəstəxanaların sayının artırılması və yeni avadanlıqlarla təmin olunması infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədi daşıyır. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilib, həmçinin 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub. Ölkə rəhbərinin müvafiq göstərişi ilə iki Olimpiya İdman Kompleksi müvəqqəti xəstəxanaya çevrilərək hazır vəziyyətə gətirilib. Hal-hazırda modul tipli 9 xəstəxana istismara verilib. Prezident İlham Əliyevin iştirakı ilə Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində modul tipli xəstəxanaların açılışı olub. Bu tip müəssisələrin sayı artırılaraq 16-ya çatdırılacaq.
Ölkə Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışı ilə bu təhlükəli infeksiyaya qarşı mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam göstərir və ən başlıcası, milli həmrəyliyə, hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirir. Təhlükəli xəstəliklə mübarizədə dövlətin yanında olmaqla, həyata keçirilən zəruri tədbirləri bütünlüklə dəstəkləyir.