Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
- Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir;
- Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikstan ilə inkişaf etdirməyə çalışır;
- Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb;
- Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb;
Ermənistanın Serbiyadan silah alması
- Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib;
- Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Başqa cür ola bilməzdi. Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib;
- Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb;
- Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilib;
- Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic bildirib ki, Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu vəziyyətin hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin;
- Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. O jurnalistlərə deyib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik;
Ermənistanın Rusiyadan silah alması
- Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb;
- Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb;
- Qeyd edək ki, bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər;
- Son günlərdə Rusiya Ermənistana xeyli silah verib. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür;
- Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir;
- Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir;
- Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib;
- Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib;
- Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb;
- Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.