Qobustan rayon Gənclər və İdman İdarəsi xüsusi karantin rejimi dövründə
2020-cu ilin mart ayından dünyanı cənginə almış koronavirus pandemiyası ilə əlaqədar olaraq Gənclər və İdman İdarəsi sentyabr - dekabr aylarında da internet resurslarından istifadə etməklə uşaqlar və gənclər arasında asudə vaxtlarının səmərəli təşkili ilə bağlı tədbirlər həyata keçirmişdir.
4 sentyabr 2020-ci il tarixində Qobustan rayon Gənclər və İdman İdarəsinin və Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə "Sağlam həyat tərzi və qaydaları" mövzusunda vebinar keçirilmişdir. Onlayn keçirilmiş tədbirdə Gənclər Mərkəzinin direktoru Anar Rzaquliyev, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elman Salmanov, Əlbəyaxa döyüş növləri üzrə dəfələrlə Dünya və Avropa çempionları Qobustan gəncləri İbad Rzazadə və Toğrul Mikayılov çıxış edərək sağlam həyat tərzi haqqında öz fikir və mülahizələrini bölüşmüşlər. Sürətli həyat tempi, ekologiyasının pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması orqanizmə mənfi təsir göstərir. Ona görə də sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etmək vacibdir. Sağlam həyat tərzi gümrah yaşamağı və xəstəliklərdən uzaq olmağı nəzərdə tutur.
07-13 sentyabr 2020-ci il tarixlərində uşaqlar və gənclər arasında "21 Sentyabr – Beynəlxalq Sülh günü” münasibətilə “Biz sülhə səs veririk” onlayn rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə R.Behbudov adına Qobustan şəhər İncəsənət məktəbinin yetirmələri ilə yanaşı, təhsil müəssisələrinin də şagirdləri həvəslə iştirak etmişlər.
14-20 sentyabr 2020-ci il tarixlərində uşaqlar və gənclər arasında "21 Sentyabr – Beynəlxalq Sülh günü” münasibətilə onlayn şeir müsabiqəsi keçirilmişdir.
21-27 sentyabr 2020-ci il tarixlərində uşaqlar və gənclər arasında əl işlərindən ibarət “Bacarıqlı əllər” müsabiqəsi keçirilmişdir.
27 sentyabr 2020-ci il tarixindən Azərbaycan kənd və digər yaşayış məntəqələrini mərmi və reaktiv silahlardan atəşə tutan erməni işğalçılarına qarşı cavab tədbirləri həyata keçirən Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Silahlı Qüvvələrimiz əzəli torpaqlarımız olan doğma Qarabağı azad etməyə başladı. Ölkəmizin bütün vətəndaşları kimi Qobustanlı gənclər də könüllü olaraq silaha sarıldılar və işğal olunmuş ərazilərimizi mənfur düşməndən təmizləmə əməliyyatlarına qoşuldular. Bu gənclər arasında olan idarənin nəzdində fəaliyyət göstərən İdman məktəbinin yetirmələri öz qəhrəmanlıqları ilə fərqlənmişlər. Gənclər və İdman İdarəsinin əməkdaşları hərbi çağırışçıların və könüllülərin cəbhəyə yolasalma mərasimlərində və digər təşkilati məsələlərdə yaxından iştrak etmişlər. Ali Baş Komandanın qətiyyəti, əsgərlərimizin misilsiz qəhrəmanlığı sayəsində 44 gün ərzində erməni işğalçıları ağır məğlubiyyətə uğradıldı və təslim olmağa məcbur edildi. Ağır döyüşlərdə 3000-ə yaxın igid soydaşımız Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. İstər erməni faşizmi üzərində qələbədə böyük rol oynamış şəhidlərimizin dəfn olunma, istərsə də fəxrimiz olan qazilərimizin qarşılama mərasimlərinin təşkilində Gənclər və İdman İdarəsinin əməkdaşları fəal iştirak etmişlər.
16-22 noyabr 2020-ci il tarixlərində uşaqlar və gənclər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində qazandığı qələbələrə həsr olunmuş vətənpərvərlik mövzusunda onlayn şeir müsabiqəsi keçirilmişdir.
23 - 29 noyabr 2020-ci il tarixlərində uşaqlar və gənclər arasında Covid- 19 pandemiyası ilə bağlı rəsm müsabiqəsi keçirilmişdir.
04-13 dekabr 2020-ci il tarixlərində uşaqlar və gənclər arasında Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
Keçirilmiş bu tədbirlərdə R.Behbudov adına Qobustan İncəsənət məktəbinin şagirdlərinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qobustan şəhər Mədəniyyət evinin, Sündü kənd Mədəniyyət evinin və Cəyirli kənd klubunun dərnək üzvləri fəal iştirak edərək Qobustan rayon Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları ilə mükafatlandırılmışlar.