Şəhidlərin anım tədbiri keçirildi.
Qobustan və Şamaxı rayon icra hakimiyyətlərinin, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Bölgə Qazısının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı şöbəsinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Şamaxı-Bakı magistral yolunun kənarında, Qobustan rayonunun Acıdərə adlanan ərazisində uyuyan şəhid türk əsgərinin məzarı ziyarət olunub.
Ziyarətə gələnlər məzarın üzərinə əklil və çiçəklər qoyub, ruhuna dualar oxuyublar.
Çıxışlarda 1917-ci ilin dekabrında Qafqazda xüsusi səlahiyyətli komissar təyin edilən Stepan Şaumyanın başçılığı ilə törədilən kütləvi qırğınlardan danışılıb. Vurğulanıb ki, 1918-ci ilin mart-aprel aylarında Bakıda, İrəvan quberniyasında, Lənkəran qəzasında, Quba, Şamaxı və bir sıra digər bölgələrdə qırğınlar xüsusi qəddarlıqla törədilirdi. Necə deyərlər, öldürmək üçün “türk”, “müsəlman” olmaq kifayət idi.
Belə bir dəhşətli günlərdə görkəmli türk sərkərdəsi Nuru Paşanın komandanlığı ilə türk ordusu köməyə gəldi. Əlbəttə, Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin yeni yaranmaqda olan ordusu ilə birlikdə apardığı xilaskarlıq missiyasında şəhidlərimiz də olub. Bu gün Acıdərədə uyuyan türk əsgəri də həmin şəhidlərimizdən biridir. Azərbaycan xalqı türk əsgərlərinin qardaşlıq köməyini, erməni daşnaklarına qarşı döyüşlərdə şəhid olan əsgər və zabitlərin xatirəsini heç vaxt unutmur, daim əziz tuturlar.
Çıxışlarda vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gündə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində qardaş türk xalqının mənəvi dəstəyi bu qardaşlığın daha bir bariz nümunəsidir.