Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda 26 iyun – Silahlı Qüvvələr günü münasibəti ilə şəhid ailələrinə və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirildi.

26 iyun 2021 | 16:00

26 iyun 2021-ci il tarixdə Qobustan Rayon Heydər Əliyev Muzeyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş şəhid və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilmişdir. Mərasimdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid  ailələri, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbir başlamazdan öncə rayon rəhbərliyi və şəhid ailələrinin üzvləri Qobustan rayon Heydər Əliyev parkındakı Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoydular.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra ölkəmizin ərazi  bütövlüyü  uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Giriş sözü ilə mərasimi açıq elan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov  qeyd etdi ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq – iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanıldı. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, bir gün öncə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Sərəncamla Fizulinin, Xocavəndin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Ağdamın, Şuşanın, Kəlbəcərin, Laçının, Suqovuşanın, ümumiyyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif edilmişlər. Həmçinin Adil Məmmədov çıxışında vurğuladı ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır.

Tədbirdə çıxış edənlər – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon İdarəsinin rəisi İxdiyar Əhmədov qeyd etdi ki, bu gün qələbə sevincini öz canlarını qurban verməklə bizə yaşadan hər bir şəhidin xatirəsi bizim üçün əzizdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

Çıxış edən şəhid ailələrinin üzvləri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş Vətən müharibəsi şəhidlərinə və iştirakçılarına medallar təqdim olundu.

 

 

Keçidlər