Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Quliyev Həsən Yalçın oğlunun doğum günüdür.
Şəhidlik - insanın Vətənə olan sevgisinin həyat-ölüm astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır. Şəhidlər Vətən savaşından məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə, Vətən oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir. Vətən, şəhidlərin mübarək çiyinlərində sabahlayır. Buna görə də onlar and yerimiz, qürur mənbəyimizdir! Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Həsən Quliyev idi.
Bu gün onun doğum günüdür!
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Bu gün 27 sentiyabrda başlanan vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin, Quliyev Həsən Yalçın oğlunun doğum günüdür. Quliyev Həsən Yalçın oğlu 09.07.2002-ci ildə Qobustan rayonu Sündü kəndində anadan olmuşdur. 2020-ci il iyul ayının 17-si hərbi xidmət üçün Füzuliyə yola düşüb. Quliyev Həsən əsgər getdiktən 3 ay sonra isə ikinci Qarabağ müharibəsi başlayıb. İlk döyüşü Füzulidə başlayıb. Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib. Noyabrın 1-i Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sündü kəndində dəfn olunmuşdur. Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının üzvləri Quliyev Həsən Yalçın oğlunun doğum günündə şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstləri qoymuşdur, Qobustan RİHBA-nın üzvləri ziyarətdə iştirak edən şəhid valideyinləri ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün onlara təşəkkür etmiş və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır. Şəhid atası Quliyev Yalçın dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli sərəncamı ilə şəhid Həsən Quliyev “Füzuli uğrunda” 25.12.2020-ci il tarixli sərəncamı ilə “Xocavənd uğrunda” və “15.12.2020-ci il tarixli sərəncamı ilə Vətən uğrunda” medalları ilə təltif olunub.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!