Şriftin ölçüsü :

Saytın rəngi :

“ Hər an Vətənin müdafiəsinə hazırıq!” - Rayon ictimaiyyətindən orduya dəstək

04 aprel 2016 | 16:00


    
       Gənclər Evində  "Azərbaycan Gənci hər an Vətənin müdafiəsinə hazırdır” mövzusunda tədbir keçirildi.  Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, şəhid ailələrinin üzvləri, ictimai birliklər vəi gənclər iştirak edirdilər.
Yığıncağı  giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov qeyd etdi ki, cari ilin aprel ayının 2-dən 3-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkilmiş və yaxın yerlərdə yerləşən yaşayış məntəqələrimiz atəşə tutmuşdur. Lakin çox böyük qürurla deyə bilərəm ki, Azərbaycan ordusu qətiyyətlə  düşmənə sarsıdıcı zərbələr  vurdu.   Cənab Prezidentinin “Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından”  fikrini səsləndirən başçı qəhrəman döyüşçülərimizin  şücaətindən danışdı.  Ordumuz nəinki təxribatın qarşısını ala bildi, eyni zamanda daha əlverişli hərbi mövqeləri ələ keçirdi  və təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində böyük hərbi qələbə qazandıq. Bu münasibətlə ordumuzu, bütün Azərbaycan xalqını təbrik edirəm. Əmin olun ki,  bundan sonra  düşmənin bütün təxribatları cavabsız qalmayacaq, düşmənə layiqli cavab veriləcək. Bu silahlı təxribat nəticəsində  hərbiçilərimiz və mülki şəxslər həlak olublar.  Allah onlara rəhmət eləsin, onların qohumlarına, yaxınlarına səbr versin! Bütün şəhidlərimizin xatirəsi ürəyimizdə əbədi yaşayacaqdır! 
Həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
       RİH başçısı vurğuladı ki, yalnız güclü liderə, iqtisadiyyata,  qüdrətli orduya malik dövlət belə təxribata cavab verə, uğur qazana bilər. Bizim hərbiyə ayırdığımız büdcə qat-qat Ermənistanın dövlət büdcəsindən çoxdur. Məhz belə bir güclü dövləti ümummilli lider Heydər Əliyev qurdu, yaratdı. Və dövlət başçımızın çox ağıllı, uzaqgörən siyasəti nəticəsində dövlətimiz daha da inkişaf etdi. Əmin ola bilərsiniz ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə bütün torpaqlarımız işğaldan azad olacaqdır.  Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi məqsədyönlü hərbi strategiyanın uğurlu icrasının nəticəsi istər silahlı ordu birləşmələrində, istərsə də xalq arasında böyük ruh yüksəkliyi yaratmışdır. Son günlərdə ordumuz tərəfindən əldə olunan qələbələr bunu deməyə əsas verir. Cəbhədə baş verən son hadisələrlə bağlı 02 aprel 2016-cı il tarixində  Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilmiş və həmin iclasda dövlətimizin başçısı  çıxış edərək bu günkü təxribatın da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürü olduğunu vurğulamışdır.
            Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Füzuli Gülalıyev son günlərdə cəbhədə baş verən erməni təxribatının qarşısının alınması istiqamətində Azərbaycan ordusunun xüsusi şücaətindən, əsgərlərimizin döyüş ruhundan, ordumuzun gücündən danışdı. F.Gülalıyev ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək  işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində aparılan işlərə tam dəstək olunmasının vacibliyini bildirdi. Partiya sədri ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevrildiyini, Azərbaycanın haqlı mövqeyinin dünya birliyi səviyyəsində dəstəkləndiyini diqqətə çatdıraraq, bunu ölkə rəhbərinin yürütdüyü uğurlu xarici siyasətin bariz nümunəsi kimi dəyərləndirdi.
        Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov,  şəhid atası Sultanəli Babayev, II qrup Qarabağ əlili Namiq Gülverdiyev, Qarabağ müharibəsi veteranı Niyət Maxsudov, ictimaiyyət nümayəndəsi Təhmiraz Ağayev, Təklə kənd tam orta məktəbin direktor müavini Əlövsət Məmmədov, 1 saylı tam orta məktəbin direktoru İmran Sabirov, RİH başçısının Dərəkənd kəndi üzrə ərazi icra nümayəndəsi Hamlet Ağayev və başqaları çıxış edərək  Azərbaycan ordusunun son günlərdə Ermənistan silahlı qüvvələri üzərində inamlı qələbəsini qeyd edərək, dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birlik, həmrəylik nümayiş etdiklərini diqqətə çatdırdılar. Çıxışlarda Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı aparılan ədalətsiz müharibə pislənərək münaqişənin mütləq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində  həlli ediləcəyini diqqətə çatdırdılar.  Çıxışlarda həmçinin  ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı son 25 ildə apardığı ikili standartların səmərəsiz nəticəsi olduğu bildirildi.
      Onlar dövlətimizin başçısının ətrafında yumruq kimi sıx birləşərək Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə etdilər.
  RİH-nin məsul işçisi Vasif Zamanov Qobustan rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış müraciəti oxudu. Müraciətdə  son günlərdə silahlı qüvvələrimiz tərəfindən əldə olunan uğurların xalqımızda, o cümlədən gənclərdə böyük ruh yüksəkliyi yaratdığı bildirilməklə, dövlət başçısının apardığı uğurlu siyasətin dəstəkləndiyi və ölkə başçısının hər an müharibə çağırışına vətənpərvər  oğullarımızın hazır olduğu bəyan edildi.
      Tədbirin sonunda çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədov  Qobustan rayon əhalisi adından ölkə rəhbərinin yürütdüyü məqsədyönlü və müdrik siyasəti  alqışladı və dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad olunmasına hər an hazır olduqlarını bildirdi.

Keçidlər