Qobustan rayonunda Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunmuşdur.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Mehrac İntiqam oğlu Əhədovun şəhadətinin ildönümü qeyd olunmuşdur.
26 noyabr 2021-ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qobustan Rayon İcra Hakimiyyətinin əməkdaşları,Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid Mehrac Əhədovun ailə üzvləri və qohumları, döyüş yoldaşları onun uyuduğu Qobustan şəhər qəbiristanlığındakı məzarını ziyarət etmişlər. Məzar ətrafına toplananlar şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək, Mehrac Əhədovun məzarı üzərinə əklil və gül dəstələri qoymuş, xatirəsini hörmət və ehtiramla yad etmişlər.
Daha sonra şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı olmuş, tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Mehracın xatirəsi anılmışdır.
Bulağın açılışında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, şəhid Mehrac Əhədovun valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edərək Allahdan onlara səbr diləmişlər. Çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq bildirmişlər ki, prezident-ordu-xalq birliyinin nəticəsi olaraq torpaqlarımız düşməndən azad edilmiş, haqq-ədalət bərpa olunmuşdur.
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid Mehrac Əhədovun yağlı boya ilə çəkilmiş portretini xatirə olaraq atası İntiqam Əhədova təqdim etmişdir.
Şəhidin ailə üzvləri çıxış edərək hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.