8 noyabr- Zəfər Gününə həsr olunmuş “ Şanlı Zəfərimiz-Əbədi qürurumuz” adlı ümumrayon tədbiri keçirildi
8 noyabr- Zəfər Gününə həsr olunmuş “ Şanlı Zəfərimiz-Əbədi qürurumuz” adlı ümumrayon tədbiri keçirildi
07 noyabr 2025-ci il tarixində Qobustan rayon İcra Hakimiyyətinin və YAP Qobustan rayon təşkilatının təşkilatçılığı ilə 8 noyabr- Zəfər Gününə həsr olunmuş “ Şanlı Zəfərimiz-Əbədi qürurumuz” adlı ümumrayon tədbiri keçirildi.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, Milli Məclisin deputatı, millət vəkili Şahin Seyidzadə, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad etdilər.
Qobustan rayon Gənclər evində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.
Tədbirin rəsmi hissəsini giriş sözü ilə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov açaraq qeyd etdi ki, “Azərbaycan xalqı öz tarixinin ən əlamətdar hadisəsi -44 günlük Vətən müharibəsində Şanlı Zəfərin beşinci ildönümü ərəfəsindədir. 2020-ci ilin payız günlərində Qarabağ torpaqlarımızdan gələn xoş xəbərlər hər birimizdə böyük sevinc və qürur yaratdı, xalqımız son üç onillik ərzində həsrətində olduğu möhtəşəm qələbənin sevincini yaşadı. Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı növbəti irimiqyaslı hərbi təxribatlarına, yeni işğalçılıq planlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən müharibədə Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Bununla da tarixi torpaqlarını işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini özü yerinə yetirdi. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində torpaqlarımızın 30 illlik işğalına son qoyulması, ərazi bütövlüyümüzün bərpası ilə başa çatdı. Bu Zəfəri Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Noyabrın 8-də isə milli mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin işğaldan azad edilməsi ordumuzun hərbi əməliyyatlar dövründə qazandığı möhtəşəm hərbi uğur olmaqla bərabər, həm də Vətən müharibəsinin taleyini həll etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Şuşanı azad etdiyi 8 noyabr tarixi ölkəmizin tarixinə Zəfər Günü olaraq həkk olundu. Beləliklə, “dəmir yumruq”la düşmənin başını əzən Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da Azərbaycanın tam qələbəsini elan etdi. Şuşanın azad olunduğu gün isə dövlət başçısının sərəncamı ilə Zəfər Günü elan olundu. Ölkə rəhbərinin qətiyyətli iradəsi, məqsədyönlü fəaliyyəti sayəsində əzəli torpaqlarımız düşmən əsarətindən azad edildi və beləliklə də müasir hərb tarixinə misilsiz şərəf səhifəmizi qızıl hərflərlə yazdıq. Şəhidlərimizin, Ermənistanın hərbi cinayətlərinin, törətdiyi soyqırımlarının qurbanı olan bütün soydaşlarımızın intiqamını aldıq, onların qanı yerdə qalmadı”.
8 Noyabr-Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş tədbirdə Milli Məclisin deputatı Şahin Seyidzadə çıxış edərək vurğuladı ki,“ Böyük Zəfər -Türk dünyasının səfərbərliyi, bir yumruq kimi birləşməsi, qardaş cümhuriyyətlər arasında qardaşlaşmanın yeni tarixi səhifəsini açdı. Əslində Böyük Zəfər – Türk dünyasının şərəf günü kimi tarixi nailiyyətdir. Çünki bu Zəfər türk dünyasının layiq kimliyini, mübarizliyini, haqq-ədalət tərəfdarı olduğunu, sülh içində, dinc yanaşı yaşamaq və birgəyaşayış prinsiplərinə sadiqliyini sivil dünyaya göstərdi. Biz bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Biz ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elyar Vəliyevin atası Arif Vəliyev çıxış edərək Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışdı. Çıxış edənlər şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulayaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Zəfər Gününün beşinci ildönümünə həsr eilmiş “ Şanlı Zəfərimiz-Əbədi qürurumuz” adlı ümumrayon tədbiri tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin təqdimatında vətənpərvərliyi, azadlığı, qəhrəmanlığı tərənnüm edən musiqi nömrələri ilə davam etdi.
ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!






