Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir!” adlı tədbir keçirildi. 

08 noyabr 2023 | 16:42

08 noyabr 2023-cü il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir!” adlı tədbir keçirildi. 

Tədbirdə Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Qobustan şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələrin, orta ümumtəhsil, səhiyyə, mədəniyyət və məktəbəqədər təhsil müəssisələrinin, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və  Şəhidlər Xiyabanını ziyarət edərək onların  əziz xatirəsini ehtiramla yad etdilər. 

Sonra tədbir Qobustan rayon Gənclər evində davam etdi. Tədbir ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.

Tədbirdə  çıxış edən Qobustan Rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov Şanlı Qələbə - 8 Noyabr – “Zəfər Günü” münasibətilə  hər bir kəsi təbrik edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan  rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq. Xalqımız unudulmaz tarixi günlər, aylar və illər yaşayır. İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəmiz, şanlı Zəfərimiz, bu günlərdə ordumuzun həyata keçirdiyi uğurlu antiterror tədbirləri və suverenliyimizin tam bərpası misilsiz tarixi hadisələrdir və bununla haqlı olaraq fəxr edir, qürur duyuruq.

Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Arif Vəliyev “Dəmir yumruq” əməliyyatı ilə keçirilən İkinci Qarabağ müharibəsinin Azərbaycan tarixinə şanlı səhifələr yazdığını, Azərbaycan dövlətinin Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdiyini, Vətən müharibəsində Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əbədiyyət ömrünün bütün nəsillərə örnək olduğunu qeyd edib.
Daha sonra çıxış edən şəhid Tural Gərayevin atası Şahin Gərayev Vətən müharibəsində torpaqlarımızın 30 illik işğalına son qoyulduğunu qeyd edib.
Çıxış edənlər, Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Tədbir iştirakçıları sonra xalqımızın çoxdan gözlədiyi və bizləri Zəfərə doğru aparan yolun yeni mərhələsinə həsr olunmuş “Ata Vəsiyyəti” adlı videoçarxı izlədilər.

Tədbirin bədii hissəsi Qobustan şəhər Heydər Əliyev parkında 8 noyabr – Zəfər Günü ilə əlaqədar konsert proqramı ilə sona çatdı.

ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!

 

Keçidlər