Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustanda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib

26 iyul 2016 | 16:00

Qobustanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.
Azərbaycanın multikulturalizm siyasətinin daha dərindən mənimsənilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi, eləcə də bu sahələrdə qarşıda duran vəzifələrin müzakirə edildiyi konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qobustan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, dini icma sədrləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi ziyarət olunub.
Gənclər Mərkəzində keçirilən konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov respublikamızda tarixən müxtəlif millətlərin nümayəndələrinin birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşdıqlarını vurğulayıb.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı diqqəti “Fitnə” sənədli filmində nümayiş etdirilən faciəli səhnələrə cəlb edərək bildirib ki, aldadılaraq Suriyaya aparılan və orada həlak olan gəncin atasının keçirdiyi hisslər, terrorçuların təsiri altına düşən və həbsxanada yatan gənclərimizin peşmançılığı bu gün dini radikalizmin, İslam dinindən öz siyasi məqsədləri üçün istifadə edən qüvvələrin törətdikləri fitnə-fəsadlara qarşı hamılıqla mübarizənin zəruriliyini ortaya qoyur.
Mübariz Qurbanlı “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadlarından söhbət açıb. Komitə sədri din pərdəsi altında aparılan münaqişələrdən danışaraq bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir. İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla, onun gözdən salınmasına yönələn siyasət həyata keçirilir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır. O qeyd edib ki, dünyanın bu böhranlı dövründə Azərbaycanda qlobal təhlükəsizlik məsələləri müzakirə olunur, tolerantlıq təbliğ edilir. Azərbaycan bu gün dünyada təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib.
Vurğulanıb ki, Azərbaycanda dövlət-din münasibətlərinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə həmin münasibətlər bütün hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da qanunlarla tənzimlənir. Ölkədə ali hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının Konstitusiyası fəaliyyət göstərir. Konstitusiyada beynəlxalq hüququn hamılıqla tanındığı norma və prinsiplər əksini tapmaqla yanaşı, bütün növ fundamental insan, vətəndaş hüquq və azadlıqları təsbit edilib. Bu gün Azərbaycanda bütün dinlərin qanunvericiliyə uyğun azad və sərbəst fəaliyyətinə icazə verilir.
Konfransda mövcud təhlükələrin ölkəyə yol tapmaması üçün valideynlərin ailədə, ziyalıların cəmiyyətdə təbliğat aparmalarının zəruriliyi vurğulanıb. Bu barədə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Mərəhməd Mustafayev gənc nəslin dini baxımdan daha da bilikli olması üçün məktəblərdə, müxtəlif təhsil müəssisələrində seminarların, təlimlərin təşkil olunmasının əhəmiyyətini qeyd edib.
Sonda iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.

 

Keçidlər