Xilmilli kənd əhalisi ilə görüş
Xilmilli kəndində təsərrüfat sayı 342, əhalinin sayı 1976 nəfər, faktiki yaşayanlar 1500 nəfər, ərazisi 18280.64 ha, bələdiyyə torpaqları 12588.50 ha, dövlət torpaqları 658.08ha, əkinə yararlı 5195.86ha, ondan 1.Xüsusi mülk 4936.06ha, 2. BEF 259.80ha, 3.Həyətyanı 98.00ha 4. KİP 47.30ha-dır.
Kənddə 1 həkim ambulatoriyası, 1 mədəniyyət evi, 1 kitabxana, 1 poçt şöbəsi, 1 uşaq bağçası, 1 tam orta məktəb vardır. Hazırda kənddə 77 ailədə 210 nəfər məcburi köçkün yaşayır. Onlardan 48 ailədə 144 nəfəri Laçın rayonundan, 15 ailədə 39 nəfəri Cəbrayıl rayonundan, 14 ailədə 27 nəfəri Ağdam rayonundandır. Kənddə 31 nəfər molakan yaşayır.
Kənd ərazisində şəxsi təsərrüfatlarda 2107 baş iri buynuzlu mal-qara, 12104 baş baş xırda buynuzlu davar, 7642 ev quşu, 44 baş at, 200 arı ailəsi mövcuddur.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası Qobustan rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətini təşkil edir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həll olunmasında Rayon İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı icra başçısının yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul-görüşlərin də böyük əhəmiyyəti vardır.
Növbəti səyyar görüş 14 sentyabr 2016-cı il tarixdə Xilmilli kəndində keçirildi. Səyyar qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri iştirak etdilər. Xilmilli kənd inzibati ərazi dairəsinin nümayəndə əvəzi Vidadi Müseyibov əraziyə daxil olan kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışdı, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırdı. Xilmilli kənd bələdiyyəsinin sədri Namiq Mirzəyev, məktəbin direktoru Bəyim İsmayılova, kəndin baytar həkimi Tarıverdi Haqverdiyev, Qarabağ əlili Alxan Həsənov və başqaları çıxış edərək kəndin problemlərindən danışaraq təkliflərini bildirdilər. Kənd sakinləri həmçinin əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, sosial müdafiənin gücləndirilməsi istiqamətində aparılan işlərə, həyata keçirilən layihələrə, müasir standartlara cavab verən yol tikintisinə, qaz xəttinin çəkilişinə və digər sahələrdə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər. Çıxış edənlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf proseslərindən söhbət açaraq ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursu tamamilə dəstəklədiklərini və qazanılan uğurlarla qürur duyduqlarını söylədilər.
8 saylı Yol İstismar İdarəsinin rəisi Əlikram Cavadov kəndi rayon mərkəzi və ətraf kəndlərlə birləşdirən asfalt yolun bəzən ağır, tırtıllı texnika ilə yararsız vəziyyətə salınmasına etirazını bildirərək əhalini böyük vəsait və zəhmət bahasına dövlət tərəfindən çəkilmiş yolları qorumağa çağırdı.