Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə aparılan uğurlu siyasət və misilsiz inkişaf yolu
Bu gün Qobustan Gənclər Evində Qobustan RİH-nin başçısı Adil Məmmədov, idarə və müəssisə rəhbərləri, həmçinin rayon ictimaiyyətinin iştirakı ilə Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə aparılan uğurlu siyasət və misilsiz inkişaf yolu ilə bağlı tədbir keçirildi. Tədbirdə Qobustan RİH-nin başçısı Adil Məmmədov geniş mühazirə ilə çıxış etdi.
2003-cü il 15 oktyabr tarixində Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.
İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin etdi.
Son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın misilsiz inkişaf yolu, əldə olunan iqtisadi uğurlar, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi, ən əsası isə 30 ilə yaxın bir müddətdə işğal altında olan Qarabağ torpaqlarının geri qaytarılması, böyük Zəfər tariximiz hər birimizin qəlbini fəxarət hissi ilə qürurlandırır.