Şriftin ölçüsü :

Saytın rəngi :

Bugün İkinci Qarabağ müharibəsinin şəhidi Məmmədov Bəxtiyar Bayramşah oğlunun doğum günüdür.

16 avqust 2022 | 16:44

Cənnətdəki doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Məmmədov Bəxtiyar Bayramşah oğlunun doğum günüdür.

Şəhidlik - insanın Vətənə olan sevgisinin həyat-ölüm astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır. Şəhidlər Vətən savaşından məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə, Vətən oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir. Vətən, şəhidlərin mübarək çiyinlərində sabahlayır. Buna görə də onlar and yerimiz, qürur mənbəyimizdir! Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Bəxtiyar Məmmədov idi.

  Bu gün onun doğum günüdür!

  Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!

   Bəxtiyar Bayramşah oğlu Məmmədov 1996-cı il avqustun 16-da Qobustan rayonunun Nabur kəndində anadan olub.

   Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Bəxtiyar Məmmədovdur.

   Azərbaycan Ordusunun çavuşu olan Bəxtiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar Məmmədov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.

   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

  Şəhid valideyinləri Vəliyev Arif, Mayılov Gülümxan, Gərayev Şahin, Hacıyev Eldar və Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının üzvləri Məmmədov Bəxtiyar Bayramşah oğlunun doğum günündə şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstləri qoyublar.
   Qobustan RİHBA-nın üzvləri ziyarətdə iştirak edən şəhid valideyinləri ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün onlara təşəkkür etmiş və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
   Şəhid atası Məmmədov Bayramşah dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə etmişdir. 

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər