Şriftin ölçüsü :

Saytın rəngi :

Cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası mövzusunda tədbir keçirilib.

24 iyun 2026 | 21:28
    24 iyun 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “Cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası” mövzusunda tədbir keçirilmişdir.
    Tədbir Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın 8.5.1 (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, müvafiq tədbirlərin (sərgilərin və s.) təşkili), 8.5.2 (Cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin iştirakı ilə görüşlərin təşkil edilməsi) və 8.5.3-cü (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) bəndlərinin icrasını təmin etmək məqsədilə təşkil olunmuşdur.
     Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məharət Əkbərov, başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, Dağlıq-Şirvan Regional Məşğulluq filialının Qobustan rayon xidmət şöbəsinin müdiri Vüqar Hüseynov, Kommunal Müəssisələr Kombinatının rəisi Nuru İsmayılov, eləcə də cəzaçəkmə müəssisələrindən azad edilmiş və müsbət iş təcrübəsinə malik şəxslər iştirak etmişlər.
     Qobustan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məharət Əkbərov çıxışında qeyd etmişdir ki, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin məşğulluğunun təmin edilməsi və onların əmək bazarına inteqrasiyası dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. O, belə görüşlərin keçirilməsinin və uğurlu təcrübələrin ictimaiyyətə təqdim olunmasının cəmiyyətdə mövcud yanlış təsəvvürlərin aradan qaldırılmasına, həmin şəxslərin sosial adaptasiyasına və əmək bazarında fəal iştirakına müsbət təsir göstərdiyini vurğulamışdır.
   Tədbirdə həmçinin cəzaçəkmə müəssisəsindən azad edilmiş və işlə təmin olunmuş şəxslərin uğurlu fəaliyyətlərinin sosial şəbəkələrdə və digər informasiya platformalarında işıqlandırılmasının, işəgötürənlərin müsbət təcrübələrinin paylaşılmasının bu sahədə mühüm nəticələrə gətirib çıxaracağı qeyd edilmişdir. Bildirilmişdir ki, maarifləndirmə xarakterli tədbirlər və sosial paylaşımlar keçmiş məhkumların sosial reinteqrasiyasına və onların məşğulluq imkanlarının genişlənməsinə xidmət edir.
   Çıxışlar zamanı dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, sahibkarların və ictimaiyyət nümayəndələrinin birgə səyləri nəticəsində bu istiqamətdə daha böyük uğurların əldə olunacağına əminlik ifadə edilmişdir.
      Dağlıq-Şirvan Regional Məşğulluq filialının Qobustan rayon xidmət şöbəsinin müdiri Vüqar Hüseynov çıxışında Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun müvafiq müddəalarına əsasən cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aid edildiyini diqqətə çatdırmışdır. O, həmçinin özünüməşğulluq proqramlarının icrası zamanı bu kateqoriyadan olan işsiz şəxslərə üstünlük verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
     Vüqar Hüseynov qeyd etmişdir ki, Qobustan rayonu üzrə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərdən 4 nəfər daimi işlə təmin olunmuş, 5 nəfər isə özünüməşğulluq proqramına cəlb edilmişdir.
     Tədbir zamanı cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra işlə təmin edilmiş Qəribov Mübariz Həsən oğlu, İbrahimov İslam Həsən oğlu və Qəribov Əflatun Həsən oğlu çıxış edərək məşğulluğa cəlb olunmalarının onların həyatında mühüm dönüş nöqtəsi olduğunu vurğulamışlar. Onlar həmçinin qarşılaşdıqları digər şəxslərlə öz təcrübələrini bölüşdüklərini, dövlət tərəfindən yaradılmış imkanlardan yararlanmaqla cəmiyyətə faydalı və layiqli vətəndaş kimi inteqrasiya olunmağın mümkünlüyünü öz həyat nümunələrində göstərdiklərini bildirmişlər.
Keçidlər