Dünəndən bu günə - Keçmişin nəfəsi, bu günün abad siması
Dünəndən bu günə - Keçmişin nəfəsi, bu günün abad siması
Aşıq Abbas Musaxanoğlu, Zabit Nəbizadə, Abuzər Güləliyev və s. kimi tanınmış, məhşur sənətkarlar yetişdirən Şıxzahırlı kəndinin dünəni və bugünü arsında böyük və qürurverici bir fərq özünü büruzə verməkdədir. Zaman keçdikcə tarixin yaddaşını qoruyub saxlayan bu diyar bu gün yeni siması, müasir görkəmi ilə diqqət çəkir. Dünən xatirələrdə yaşayan darısqal, tozlu-torpaqlı yollar, baxımsız ərazilər artıq yerini abadlığa, səliqə-sahmana, gözəlliyə, yaşıllığa verməklə gülüstana çevrilməkdədir.
Xüsusilə son 14 il ərzində Şıxzahırlı kəndində həyata keçirilən abadlıq və quruculuq işləri təkcə yaşayış mühitini deyil, insanların düşüncələrini, gələcəyə olan inam və baxışlarını da kökündən dəyişmişdir. Belə ki, 2011-ci ildə kəndə gələn yol tamamilə sıradan çıxdığı üçün yeni körpü salınmış, icra nümayəndəliyi üçün yeni inzibati bina inşa edilmiş, Şıxzahırlı və İlanlı kəndlərinə təbii mavi qaz xətti çəkilərək istifadəyə verilmiş, kənd məcsidi əsaslı təmir edilmiş, modul tipli yeni məktəb binası və s. inşa edilərək sakinlərin ixtiyarına verilmişdir. Bu illər ərzində kənddə inkişaf, quruculuq işləri ardıcıl olaraq davam etdirilmişdir. Təkcə 2025-ci ildə kəndin adını bildirən lövhə tikilmiş, 2 ədəd artezian quyusu vurularaq sakinlərin istifadəsinə verilmiş, Şıxzahırlı kəndini rayon mərkəzi ilə birləşdirən 3000 metr məsafədə asfalt yol çəkilmiş, yol kənarı yaşıllaşdırma işləri aparılmış və yaşıllığı qorumaq üçün yeni su xətti çəkilmiş, Şıxzahırlı, İlanlı və Ceyrankeçməz kəndlərinə yeni, yüksək keyfiyyətli internet xətti çəkilmişdir. Yeni çəkilən, uzunluğu 1300 metrdən artıq olan kəndaxili asfalt yollar isə rahatlığı təmin etməklə yanaşı kəndlə rayon mərkəzi və digər yaşayış məntəqələrini, bir-birinə daha da yaxınlaşdırmışdır. Bu yollar yalnız məsafələri qısaltmaqla kifayətlənməmiş, eyni zamanda insanlar arasında işıqlı sabaha aparan ümid körpülərinə çevrilmişdir.
Kənd qəbristanlığının ətrafında yaradılan səliqə-sahman, abadlıq, nizam isə keçmişə olan hörmətin, milli-mənəvi dəyərlərlə bağlılığın təcəssümüdür. Salınan yaşıllıqlar, təmizlənən ərazilər bu məkanın həm ruhunu, həm də görkəmini dəyişərək ona yeni nəfəs bəxş etmişdir. Xüsusilə kənddə son illərdə tikilib istifadəyə verilən məktəb binası gələcək nəsillərə verilən ən dəyərli töfhə olmaqla bilik, ümid və inkişafın ünvanıdır. Burada yetişən hər bir şagird sabahın vətənpərvər, savadlı bir vətəndaşı, bəlkə də daha ünlü bir şəxsiyyəti, sənətkarı olacaqdır.
Görülən bütün işlər insanların rifah halını yaxşılaşdırmaqla yanaşı, onların öz dövlətinə olan inamını daha da gücləndirir. Danılmaz həqiqətdir ki, kənddə rahatlığa, yaxşılığa, abadlığa, rifaha doğru atılan bütün addımlarda, bütün çətinliklərin həllində Rayon İcra Hakimiyyətinin başçısı və kollektivi, kənd bələdiyyəsi hər an kənd sakinlərinin yanında olublar.
Yaxşı xatirimdədir ki, 2017-ci ilin iyun ayında baş verən sel hadisəsi kəndin həyatında ağır izlər buraxdı. Güclü dolu yağması nəticəsində kənd yollarını, körpüləri sel-sular tamamilə dağıtdı, evlərin həyətlərini, dalanları lil, palçıq basdı. Belə çətin vaxtda dövlətimiz öz vətəndaşının yanında olmasını əməli işləri ilə bir daha sübut etdi. Qısa müddətdə əraziyə cəlb edilən texnikalar, işçi qüvvəsi və mütəxəssislər dağılan yolların bərpasına, kəndin lil-palçıqdan təmizlənməsinə başladılar. Gecə-gündüz aparılan təmizləmə və bərpa işləri kəndə yenidən həyat, isti nəfəs, insanlara isə ümid gətirdi. Bu dəstək təkcə maddi kömək deyil, həmçinin dövlətimizin öz sakinlərinə, vətəndaşlarına arxa-dayaq durmasının bariz nümunəsi idi. Məhz belə çətin vəziyyətdə uzanan bu yardım əli kənd sakinlərinin yaddaşında minnətdarlıqla qalaraq dövlət-vətəndaş birliyinin gücünü bir daha sübut etdi. Və bu gün də yaradılan şərait, göstərilən qayğı hər bir sakinin qəlbində, dilində minnətdarlıq hissi doğurur. Şıxzahırlılar bu inkişafın, bu yenilənmənin arxasında dayanan dövlət siyasətinə görə ölkə rəhbərinə, hörmətli Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.
Bu gün dünənin xatirələri ilə qürur duyan, sabaha isə inamla baxan bir məkanın xoş gününün şahidi olmaq istəyən hər kəs Şıxzahırlı kəndinə təşrif buyura bilər. Bu abu-hava, bu dəyişiklik bir daha sübut edir ki, düzgün yanaşma və ardıcıl fəaliyyət nəticəsində vətənimizin hər bir guşəsi çiçəklənərək gülüstana çevrilə bilər, hər bir məkanı yeni həyata qovuşa bilər.






