Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində maarifləndirici tədbir

04 avqust 2026 | 14:55

    4 avqust 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində maarifləndirici tədbir keçirilib.

    Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Qobustan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məharət Əkbərov, Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Təranə Güləliyeva, məktəb psixoloqları, təlim-tərbiyə  üzrə müavinlər, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

   Tədbirdə çıxış edən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun nümayəndəsi Vasif Quliyev çıxışında narkomaniyaya qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən dövlət proqramları və profilaktik tədbirlər barədə ətraflı məlumat verdi. O bildirdi ki, narkotik vasitələrin sui-istifadəsinin qarşısının alınmasında maarifləndirmə işinin genişləndirilməsi, xüsusilə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təşviqi mühüm əhəmiyyət kəsb edir. Qeyd olundu ki, bu istiqamətdə dövlət qurumlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyəti mühüm nəticələrin əldə edilməsinə xidmət edir. Nümayəndə narkomaniyanın yaratdığı sosial və hüquqi fəsadlardan bəhs edərək, bu problemlə mübarizədə hər bir vətəndaşın məsuliyyətli mövqe nümayiş etdirməsinin vacibliyini vurğuladı.

     Qobustan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məharət Əkbərov narkotik vasitələrin sui-istifadəsinin müasir dövrün aktual problemlərindən biri olduğunu qeyd edərək, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışdı. O, cəmiyyətin sağlam gələcəyinin təmin olunması üçün belə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini vurğuladı. Bildirildi ki, narkotik vasitələrdən istifadənin qarşısının alınması yalnız mübarizə tədbirləri ilə deyil, eyni zamanda gənc nəslin düzgün tərbiyəsi və sağlam dəyərlər əsasında formalaşdırılması ilə mümkündür. Qeyd edildi ki, bu kimi tədbirlər problemin mahiyyətinin daha geniş şəkildə izah olunmasına və ictimai məlumatlılığın artırılmasına xidmət edir.

    Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Komissiyasının sədri Təranə Güləliyeva çıxışında narkomanlığın müasir dövrün ən ciddi sosial problemlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, narkomaniya insanların sağlamlığına, ailə institutuna, ictimai təhlükəsizliyə və cəmiyyətin inkişafına ciddi mənfi təsir göstərir. Xüsusilə gənclərin narkotik vasitələrin zərərli təsirlərindən qorunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb.

     Tədbirin sonunda iştirakçılar narkotik vasitələrin yaratdığı fəsadların qarşısının alınması istiqamətində aparılan maarifləndirmə işlərinin əhəmiyyətindən danışaraq, bu istiqamətdə birgə fəaliyyətin və davamlı profilaktik tədbirlərin vacibliyini diqqətə çatdırıblar.

Keçidlər