Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.
Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.
17 mart 2023-ci il tarixdə ölkəmizin hər bir guşəsində olduğu kimi Qobustan rayonunda da Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər evində xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.
Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın Ümummilli Lideri Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran, onun ölkəmizdə daim yüksək səviyyədə keçirilməsinə şərait yaradaraq yaddaşlardan silinməsinə imkan verməyən Ümummilli Liderimizin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər il bayram şənliklərinə qatılması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqlımızın dövlətimizin başçısının ətrafında bir yumruq kimi sıx birləşdiyini sübut edir.
Novruzun gəlişini tərənnüm edən mərasimdə ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənədləri nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəyib.
Tanınmış incəsənt ustalarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.
Rayon İcra Hakimiyyəti rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri bayram tədbirində iştirak ediblər.