Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətində “Narkotiklərə yox deyək!” adlı maarifləndirici tədbir keçirildi.

22 dekabr 2025 | 14:23

     22 dekabr 2025-ci il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin və  Qobustan Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Qobustan Rayon İcra Hakimiyyətində "Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi.

     Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Aytən Əhmədova qonaqları salamlayaraq narkotik maddələrin insanın beyin fəaliyyətinə və psixoloji durumuna birbaşa təsir göstərdiyini bildirdi. O qeyd etdi ki, xüsusilə gənclər narkotik təhlükəsi qarşısında daha həssas qrup hesab olunur. Maraqlanma, təzyiqə boyun əymə və yanlış dost çevrəsi onları bu yola sürükləyir. Buna görə də maarifləndirmə, düzgün tərbiyə və sağlam mühit narkotiklərə qarşı ən güclü silahdır. ”Narkotiklərə yox deyək!” demək təkcə bir şüar deyil, bu, sağlam həyata, parlaq gələcəyə və məsuliyyətli seçimə verilən sözdür. Sağlam həyat tərzi, idman, elm, sənət, və müsbət sosial fəaliyyətlər gəncləri bu təhlükədən qoruyan əsas amillərdir.

     Daha sonra Qobustan Rayon Polis Şöbəsinin Narkotiklə mübarizə qrupunun əməliyyat müvəkkili, polis kapitanı Vüsal Məmmədov çıxış edərək  cəmiyyətimizin ciddi problemlərindən biri olan narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi mövzusunda danışdı. O qeyd etdi ki, narkotik təkcə bir fərdin sağlamlığını məhv etmir,  ailələri dağıdır, gənclərin gələcəyini əlindən alır, cinayətkarlığın artmasına  səbəb olur. Qanunvericiliyimizdə narkotik vasitələrin istehsalı, satışı, daşınması, saxlanması və istifadəsinə görə ciddi hüquqi məsuliyyət nəzərdə tutulduğunu, bu cür əməllərə yol verən şəxlər barəsində qanun çərçivəsində qəti tədbirlər görüldüyünü, bu istiqamətdə Qobustan rayonunda mütəmadi əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini bildirdi.    

     Tədbirin sonunda mövzu ilə bağlı narkotik tərkibli yabanı bitkilərin morfoloji görkəmini əks etdirən fotolardan ibarət slaydlar izlənildi.

     Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər