Qobustan rayonu Poladlı kənd tam orta məktəbində “Erkən nikah və onun fəsadları” , “Təhsildən yayınan qızların təhsilə cəlb edilməsi” mövzusunda tədbir keçirilib
Qobustan rayonu Poladlı kənd tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin, Qobustan Rayon Polis Şöbəsinin və Qobustan Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Erkən nikah və onun fəsadları”, “Təhsildən yayınan qızların təhsilə cəlb edilməsi” mövzusunda tədbir keçirildi.
Qobustan rayonu Poladlı kənd tam orta məktəbin direktoru Vüsal İsmayılov tədbiri açıq elan etdi və çıxış üçün sözü Qobustan RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyevaya verdi.
Təranə Güləliyeva çıxış edərək bildirdi ki, erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez-tez rastlaşırıq. Erkən nikahların problem yaratmasının səbəblərindən biri də yeniyetməlik dövrünə təsadüf etməsidir. Biz gələcəyimizi bu gün qurulan ailələrə etibar edirik. Unutmayaq ki, sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil cəmiyyətin bir üzvü, fərdi kimi dəyərləndirilməlidir. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. O, həm də bildirdi ki, qızların təhsil alması ən önəmli faktorlardan biridir, təhsilli qız dövlətimizə, millətimizə yararlı övlad yetişdirən gələcəyin anasıdır. Buna görə də məktəblərimizdə əsasən də qızların təhsildən yayınmasına qəti yolverilməməlidir.
Qobustan Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Rəşad Məmmədov çıxış edərək bildirdi ki, yetkinlik yaşına çatmayanların erkən nikaha cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikasının İXM-nin 189-3-cü maddəsində inzibati cərimə nəzərdə tutulur. O bildirdi ki, bu Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Daha sonra Qobustan Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Zöhrab Hüseynov çıxış edərək bildirdi ki, İXM-nin 189.1.-ci maddəsində nəzərdə tutulmuş yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.
Tədbirin sonunda “Erkən nikah və onun fəsadları” ilə bağlı videoçarx izlənildi.