Qobustan rayonunda görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın doğum günü münasibətilə tədbir keçirilib
28.04.2025-ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyəti və Qobustan Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102- ci illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Qobustan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Günay Muradova və tibb işçiləri iştirak edib.
Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.
Tədbirdə çıxış edən Qobustan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Günay Muradova və baş həkim Xəyalə İmanova, akademik Zərifə xanım Əliyevanın tibbə verdiyi əvəzsiz töhfələrdən və onun həyat yolundan bəhs edərək, onun oftalmologiya sahəsindəki böyük xidmətlərini, müasir tibbin inkişafındakı rolunu və Azərbaycan səhiyyəsinin tərəqqisinə verdiyi dəstəyin önəmini vurğuladılar.
Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Qasım Qasımov da Zərifə xanım Əliyevanın tibb sahəsindəki əvəzsiz fəaliyyətini qeyd edərək, onun adının əbədiləşdirilməsinin və gənc nəsillərə örnək olmasının vacibliyini vurğuladı.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Cənab Adil Məmmədov, ölkə rəhbərliyinin həyata keçirdiyi genişmiqyaslı islahatlar, milli səhiyyənin müasir tendensiyalar əsasında inkişafı və əhalinin sağlamlığının artırılması istiqamətində görülən əvəzsiz xidmətlərindən bəhs edib.
Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyatına həsr edilmiş videofilm nümayiş etdirilib.