Qobustan rayonunda Novruz bayramı qeyd edildi
19.03.2026 - ci il tarixində Qobustan rayon Gənclər Evində Qobustan Rayon İcra Hakimiyyətinin dəstəyi və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Qobustan rayon bölməsinin təşkilatçılığı ilə xalqımızın ən qədim bayramlarından biri olan Novruz bayramı qeyd olundu.
Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı, YAP Qobustan rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayon ağsaqqalları, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı ən əziz günlərdən biri olan Novruz bayramı münasibətilə qobustanlıları təbrik etdi. A.Məmmədov bildirdi ki, bu il Novruz bayramı islam aləmində müqəddəs sayılan Ramazan bayramı ilə eyni vaxta təsadüf edir. Hər iki bayram münasibətilə tədbir iştirakçılarını, rayon ictimaiyyətini təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı əziz bayram günlərində şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrinə, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitlərə, rayon sakinlərinə arzu və diləklərini çatdırdı, xoş bayram ovqatı arzuladı. O, həmçinin ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ölkə rəhbərliyinin Qobustana və qobustanlılara göstərdiyi yüksək diqqət və qayğıdan da geniş bəhs etdi, Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı.
Rayon rəhbəri qeyd etdi ki, son beş ildə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Çox sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun şücaəti sayəsində işğaldan azad olmuş əzəli torpaqlarımıza qayıdan soydaşlarımız artıq öz dədə-baba yurdlarında aydın səma altında, əmin-amanlıq içində əziz bayramlarını, eləcə də Novruzu qeyd edirlər.
Bayram tədbirində həmçinin, rayon idmançıları müxtəlif idman növləri üzrə öz bacarıqlarını nümayiş etdirdilər. Novruzun rəmzləri olan kosa və keçəlin, bahar qızının iştirakı ilə əyləncəli proqramlar, bayram münasibətilə hazırlanmış təamlar nümayiş olundu. Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini təbrik edərək ölkəmizə bol ruzi-bərəkət və əmin-amanlıq arzuladılar.
Qonaqların və rayon ictimaiyyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş etdi.






