Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

10 may 2023 | 14:59

Qobustan rayonunda  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir  keçirildi.

     Tədbirdə  Qobustan rayon icra hakimiyyətinin başçısı, aparat işçıləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və Qobustan rayon sakinləri iştirak etdilər. Tədbir Qobustan rayon  Heydər Əliyev Parkında abidə önünə gül qoyulması ilə başlandı. Sonra Qobustan rayon Gənclər Evində Ulu Öndərə həsr olunmuş guşəyə baxış keçirildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himini səsləndirildi. Tədbirdə Qobustan rayon icra hakimiyyətinin başçısı cənab Adil Məmmədov geniş məruzə ilə çıxış edərək bildirdi ki,  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

    Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.

XX yüzilliyin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə ittifaq miqyasında sonuncu yerlərdən birində idi. Bu acınacaqlı vəziyyətə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra son qoyulmasına başlandı. 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil oldu.

    Heydər Əliyevin azərbaycançılıq ideologiyası sayəsində xalqımızın, o cümlədən soydaşlarımızın birlik və həmrəyliyinə nail olundu. Bu ideyanın əsas qayəsini Azərbaycan dilinə həqiqi dövlət dili statusunun qazandırılması, dilimizin qorunmasına və inkişafına yüksək diqqət göstərilməsi təşkil edirdi. Ulu Öndər Ana dilini milli özünüdərk yolunda ən mühüm amillərdən biri kimi dəyərləndirir, bu istiqamətdə cəsarətli və uzaqgörən addımlar atırdı.

    1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında Azərbaycan oğlunun yüksək mövqe tutması çox qürurverici hadisə idi. Bu illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ-nin hüdudlarını aşırdı. Heydər Əliyev Moskvada yaşadığı və işlədiyi dövrdə də Azərbaycana diqqət və qayğısını əsirgəmir, respublikamızın ictimai, mədəni həyatı ilə daim maraqlanırdı.

    Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın yaranmış tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun günü Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Həmin vaxtdan Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.

       Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ƏSRİN ADAMI” adlı sənədli filim nümayiş olundu.

Keçidlər