Qobustan rayonunda YAP-ın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib
Noyabrın 16-də Yeni Azərbaycan Partiyası Qonustan rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi, Şəhidlər xiyabanı ziyarət olunub, önünə tər gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu bildirib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri Cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq. Bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizdən qürur duyur.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edib və partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini söyləyib.
YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca çıxış edərək Yeni Azərbaycan Partiyasının 30 ildə keçdiyi şərəfli yoldan ətraflı və geniş məlumat verdi.Qeyd etdi ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir, Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır. Biz hamımız inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır.
YAP Qobustan rayon təşkilatı Ağsaqqallar Şurasının sədri, Şıxbala Bayramov, RİH başçısının müavini,İctimai-siyasi və humanitar şöbəsinin müdiri Təranə Güləliyva, Gənclər İdman İdarəsinin rəisi Qadir Əkbərov Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçdiyini deyiblər. Qeyd ediblər ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.
Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Vəliyevin atası Arif Vəliyev, Vətən müharibəsi qazisi Ramil Rəcəbli çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildiriblər.Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin miqyasının ölçüyəgəlməzliyindən, YAP-ın ölkəmizin tarixində mühüm rolundan bəhs ediblər. Bildiriblər ki, tarixi Zəfərimiz harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır və hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan geniş bərpa-quruculuq işlərində hər bir partiya üzvünü yaxından iştirak etməyə çağırırıq.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək qeyd edib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan, bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir..
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya üzvünə Fəxri Fərman, YAP sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.