Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

15 iyun 2026 | 15:01
     İyunun 15-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününün 33-cü ildönümünə həsr olunmuş “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür” adlı tədbir keçirilib.
    Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və müharibə əlilləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
     Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
     Qobustan Rayon Gənclər Evində davam edən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Azərbaycan xalqının taleyində mühüm əhəmiyyətə malik olan Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizi parçalanma və xaos təhlükəsindən xilas edib, dövlət müstəqilliyimizin qorunub saxlanılmasına, ictimai-siyasi sabitliyin bərqərar olmasına və davamlı inkişafın təmin edilməsinə möhkəm zəmin yaradıb.
    Çıxış zamanı qeyd olunub ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənib, ölkə dinamik inkişaf edən və modernləşən dövlətlər sırasında öz yerini gücləndirib.
     Rəsmi hissədən sonra tədbir rayonun mədəniyyət işçilərinin iştirakı ilə hazırlanmış konsert proqramı ilə davam edib.
 
Keçidlər