"Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu münasibətlə Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində tədbir keçirildi.
Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, RİH başçısı aparatının,inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların dövlət qulluqçuları iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ehtiramla yad edərək, önünə tər çiçək dəstələri düzdülər.
Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Adil Məmmədov dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edib, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 21 iyul 2000-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb, qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il iyunun 23-nün Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd olunması barədə 2006-cı il 26 may tarixində Sərəncam imzalamışdır. Həmin ildən də dövlət qulluqçuları iyunun 23-də peşə bayramlarını qeyd edirlər.