Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cahangir Baxışovun doğum günündə xatirəsi anıldı

01 aprel 2023 | 17:14

Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur. Vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.

01 aprel 2023 tarixində şəhid Cahangir Baxışovun doğum günündə xatirəsi anıldı.

Anım mərasimində şəhidin ailəsi, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Dəmirov, RİH başçısı Aparatının İctimai siyasi və humanita məsələlər şöbəsi müdirinin müavini Aftandil Şikarov, RİH başçısının Ərəbqədim inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Mahmudov, Ərəbqədim bələdiyyəsinin sədri Elburus Xanatov, Nardaran, Ərəbqədim və Göydərə kənd məktəblərinin müəllim və şagirdləri, kənd ictimayyət nümayəndələri iştirak etdilər.

Tədbirdə natiqlər şəhid Cahangir Baxışovun həyat və döyüş yolu haqqında ətraflı məlumatlar veriblər.

Cahangir Əmrah oğlu Baxışov 2001-ci il, aprelin 1-də Qobustanın Nardaran kəndində anadan olub. 2 aprel 2019-cu il - 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Cahangir Baxışov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 9-da ağır döyüşlər zamanı ağır yaralanaraq, şəhadətə qovuşub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Cahangir Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahangir Baxışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Allah rəhmət eləsin!

Keçidlər