Su həyatdır- su təchizatının yaxşılaşdırılması sakinlərin ümidini gerçəyə çevirdi
Su həyatdır- su təchizatının yaxşılaşdırılması sakinlərin ümidini gerçəyə çevirdi
“Ömrün su qədər saf və uzun olsun” – el deyimi boşuna deyilməyib. Həyatın hər anında su insan sağlamlığının, onun yaşayışının, eləcə də kənd təsərrüfatının, heyvandarlığın əsas dayağıdır. Bu səbəbdən rayonun iki kəndində su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihə yerli sakinlər üçün əsl həyat qaynağına çevrildi.
Rayonun Ərəbşahverdi və Qurbançı kəndlərində reallaşan bu layihə, yəni hər iki kəndə su çəkilişi-Yaponiya hökumətinin maliyyə dəstəyi və Qobustan rayon İcra Hakimiyyətinin, Qobustan rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə icra olunmuşdur.
Layihənin həyata keçirilməsində əsas məqsəd uzun illərdir su problemi yaşayan sakinlərin ehtiyaclarını qarşılamaq idi. Əlavə olaraq yaxın günlərdə Rayon icra hakimiyyətinin başçısının təşəbbüsü və göstərişi əsasında Ərəbşahverdi kəndində daha üç artezian quyusu qazılaraq istifadəyə verilmişdir ki, bununla da kəndin həm içməli, həm texniki su tələbatı tam təmin edilmişdir. Böyük su mənbəyi olan bu yaşayış məntəqəsində yeni su quyularının, artezianların vurulması davam etdirilir. Kənd sakinləri su təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihəyə və bu istiqamətdə davam edən təşəbbüsə yüksək qiymət verərək razılıqlarını ifadə edirlər. Çünki, su bolluğu onlara yalnız məişətdə rahatlıq gətirmir, həm də gələcəkdə kəndlərin daha yaxşı inkişafı və şəhərə köç axınının qarşısının alınması üçün ümid yaradır.
Qeyd etdiyimiz kimi yeni artezian quyularının qazılması isə davam edir və yaxın gələcəkdə daha çox kənd sakinləri bu xeyirxah işlərdən, rahatlıqdan faydalanacaqdır. “Su həyatı dəyişdirir, düşüncələrimizi, işimizi, gündəlik həyatımızı daha rahat edir. Bu təşəbbüsü, xeyirxah missiyanı, bu layihəni həyata keçirənlərə- həm dost Yaponiya hökumətinə, həm də rayon rəhbərliyinə sonsuz minnətdarlığımızı bildiririk” – deyə kənd sakinləri bildirirlər.
Kənd sakini Rüstəmov Bəfadar bildirir ki, “uzun illər evimizdə suyu yalnız gündəlik ehtiyac üçün çatdırırdıq, amma indi davamlı, bol suyumuz var. Bu hər birimizi, hər bir sakini ürəkdən sevindirir. Suyun bolluğu yalnız gündəlik ehtiyacları təmin etmir, həm də kənd təsərrüfatının inkişafına böyük dəstək verir. Su bolluğu heyvandarlıq və əkinçilik sahələrində məhsuldarlığı artırmağa, yəni kənd həyatının keyfiyyətini yüksəltməyə də şərait yaradacaqdır”.
Bəli, bu layihə beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi olmaqla, eyni zamanda insanların ümidlərinin reallaşmasının və kənd həyatının daha da yaxşılaşdırılmasının, inkişafının göstəricisidir . Dövlətin sosial məsələlərin həlli istiqamətindəki davamlı siyasəti sayəsində həyata keçirilən bu layihələr kənd sakinlərinin həyatına birbaşa müsbət təsir göstərir, onların rifahını daha da yaxşılaşdırır və gələcək nəsillər üçün dayanıqlı həyat şəraiti yaradır. Suyun bolluğu hər bir kənd sakininin simasında təbəssüm yaratmaqla, həm də dövlətin prioritet məsələsi kimi insanların həyat şəraitini yüksəltməyə verdiyi önəmi əyani şəkildə göstərir.
Hazırladı: Lalə Ziyadqızı






