Süd vəzi xərçəngi: sağlamlığın üçün bir addım
30 oktyabr 2025 | 12:13
Süd vəzi xərçəngi: sağlamlığın üçün bir addım
Qobustan Rayon Mərkəzi Xəstəxanasında qadınlar arasında süd vəzi xərçəngi xəstəliklərinin erkən aşkarlanması, profilaktikası və müalicəsinə həsr olunan “Süd vəzi xərçəngi: sağlamlığın üçün bir addım” adlı layihə həyata keçirilib.
Layihə çərçivəsində 27-28 oktyabr 2025-ci il tarixlərində keçirilən müayinələrə 110-dan çox Qobustan rayon sakini müraciət edib. Onlara həkim müayinələrindən sonra süd vəzilərindəki dəyişikliklərin erkən aşkarlanması üçün ultrasəs müayinəsi (USM) və mammoqrafiya xidmətləri göstərilib.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilən müayinələr zamanı sağlamlıq problemləri olan vətəndaşlar daha ixtisaslı tibbi xidmətlərin göstərilməsi məqsədilə aidiyyəti tibb müəssisələrinə yönləndirilib.
Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növü hesab olunur. Onunla mübarizəyə diqqət çəkmək məqsədilə hər il oktyabr ayı bütün dünyada Süd Vəzi Xərçənginə qarşı Mübarizə Ayı kimi qeyd olunur.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlər planına, həmçinin TƏBİB-in 2025-2027-ci illər üzrə Strateji Planının hədəflərindən biri də onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasıdır. Bunu əsas götürərək TƏBİB tərəfindən mütəmadi olaraq bölgələrdə də süd vəzi xərçənginin erkən diaqnostikası məqsədilə mütəmadi tibbi müayinələr həyata keçirilir.






