Şriftin ölçüsü :

Saytın rəngi :

Taxıl və çörəyin iqtisadiyyatda rolu: zərərvericilərlə mübarizə – ərzaq təhlükəsizliyinin əsas şərtidir

14 noyabr 2025 | 17:06

Taxıl və çörəyin iqtisadiyyatda rolu: zərərvericilərlə mübarizə – ərzaq təhlükəsizliyinin əsas şərtidir

Taxıl və ondan əldə edilən çörək insan həyatında yalnız qida vasitəsi deyil, həm də sosial, iqtisadi və mənəvi dəyər daşıyıcısıdır. Tarixən çörək ərzaq bolluğunun, dövlətin gücünün simvolu sayılıb. Azərbaycan kimi aqrar ölkələrdə taxılçılıq həm milli iqtisadiyyatın, həm də ərzaq təhlükəsizliyinin əsas sütunlarından biridir. Bu baxımdan, taxıl istehsalının qorunması və məhsuldarlığın artırılması məsələsi təkcə kənd təsərrüfatı deyil, həm də milli təhlükəsizlik kontekstində qiymətləndirilməlidir. Son illərdə dünyada qlobal iqlim dəyişiklikləri, torpaq və su ehtiyatlarının azalması, həmçinin zərərvericilərin çoxalması fonunda taxılçılığın dayanıqlığı xüsusi aktuallıq qazanmışdır.

Taxıl və çörəyin iqtisadi və sosial əhəmiyyəti

Taxıl – xüsusilə buğda – Azərbaycanın kənd təsərrüfatı sektorunda aparıcı sahədir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə kənd təsərrüfatı məhsullarının ümumi dəyərinin təxminən üçdə biri taxılçılığın payına düşür. Bu sahə həm ərzaq təminatını, həm də minlərlə kənd təsərrüfatı işçisinin məşğulluğunu təmin edir. Çörək istehsalı iqtisadi sabitliyin göstəricisidir; onun qiymətindəki dəyişikliklər birbaşa əhalinin sosial rifahına təsir edir. Bu səbəbdən də dövlət səviyyəsində çörək və un məhsullarının bazar sabitliyi daim nəzarətdə saxlanılır. Çörək həm də milli-mənəvi dəyər kimi xalqın birliyini və zəhmətə hörmətini təcəssüm etdirir. “Çörək haqqı”, “ruzi” kimi anlayışlar Azərbaycan xalqının düşüncəsində çörəyin müqəddəsliyini təsdiq edir.

Zərərvericilərlə mübarizə: aqrar təhlükəsizliyin əsas istiqamətidir

Taxıl istehsalına təsir edən amillər sırasında zərərvericilər və gəmiricilər xüsusi təhlükə yaradır. Siçan və digər gəmiricilər taxıl tarlalarında, anbarlarda və istehsal prosesində böyük itkilərə səbəb olur. Bəzi hesablamalara görə, düzgün profilaktik tədbirlər görülmədikdə, bir mövsümdə məhsulun 50 faizi, bəzən daha çox hissəsi zərərvericilər tərəfindən məhv edilə bilər. Bu yalnız iqtisadi zərər deyil, həm də ərzaq təhlükəsizliyinə təhdiddir. Hər ton məhv olmuş buğda yüzlərlə ailənin illik çörəyi deməkdir. Zərərvericilərlə mübarizədə həm bioloji, həm də kimyəvi üsulların kompleks tətbiqi vacibdir. Fermerlərin məlumatlandırılması, müasir dərman vasitələrinin istifadəsi, anbar və saxlanma şəraitinin normativlərə uyğunlaşdırılması vacib məsələlərdəndir.

 

 

            Bolluğun arxasında illərin zəhməti və birliyin gücü dayanır

Məlum olduğu kimi Qobustan rayonunda 2023-cü ildə rekord səviyyədə 79740,8 ton taxıl istehsal olunmuşdur. Bu il də əhalinin hər nəfərinə orta hesabla beş illik dövr üçün kifayət edəcək qədər taxıl ehtiyatı tədarük edilmişdir, yəni istehsal edilmiş taxıl əhalinin beş ilik taxıl, çörək tələbatını ödəməyə qadirdir. Bu faktlar isə heç də təsadüfi nəticə deyil.  Bu vaxtında aparılmış düzgün aqrotexniki tədbirlərin,  torpaq mühafizəsinin və ən əsası, zərərvericilərlə ciddi və vaxtında mübarizənin bəhrəsidir. Xatırlatmaq yerinə düşərdi ki, bu gün əldə olunan bolluğun təməlində illərin zəhməti, torpaq sevgisi və kollektiv məsuliyyət hissi dayanır. Bu nəticə bir ilin əməyinin yox, 15 il ərzində dayanmadan görülən gərgin və məqsədyönlü işlərin bəhrəsidir. Rayon rəhbərliyinin bu istiqamətdə göstərdiyi ardıcıl səylər, məsuliyyət və yerində nəzarət tədbirləri xüsusilə qeyd olunmalıdır. Məhz rəhbərliyin daimi  olaraq əkin sahələrinə şəxsən, birbaşa nəzarətinin olması, fermerlərlə  ünsiyyət qurması, göstərişi əsasında  zərərvericilərlə mübarizə məqsədilə böyük əkin sahələrində səyyar çadırların qurulması kimi təşəbbüslər nəticəsində rayonun kənd təsərrüfatında sistemli nəzarət və birgə fəaliyyət formalaşmışdır. Bu illər ərzində taxılın, çörəyin qorunması yalnız bir idarənin vəzifəsi yox, rayon əhalisinin- böyükdən kiçiyə hamının hər bir üzvünün müqəddəs borcu olmuşdur.  Çağırışlara cavab olaraq hər bir fermer, hər bir ailə öz məsuliyyətini dərk edərək, məhsuluna, ruzisinə sahib çıxmağı bacardığı üçün uğur əldə etmək mümkün olmuşdur.  Elə bu birliyin nəticəsidir ki, bu gün rayon öz taxılı ilə təkcə bir ili deyil, beş ili təmin edəcək qədər ərzaq ehtiyatı yarada bilmişdir. Bu nailiyyət təkcə statistik göstərici deyil – bu, xalqın əməyinin, dövlətin qayğısının və torpağa sədaqətin simvoludur. Və bu missiya  davam etməlidir. Çünki çörəyi, taxılı qorumaq – keçmişə hörmət, bu günə məsuliyyət, gələcəyə inam deməkdir. Bu nailiyyəti qorumaq və gələcəkdə daha da artırmaq dövlət və cəmiyyət qarşısında mühüm vəzifədir. Taxıl bolluğu yalnız bir il üçün iqtisadi uğur deyil, həm də regionun ərzaq təhlükəsizliyinin təminatı deməkdir. Ona görə də bu tendensiyanı qorumaq vacib və aktualdır.

  Əldə olunan uğurların davamlı olması üçün hər mövsüm əkin sahələrində mütəmadi nəzarət aparılmalı, zərərvericilərə qarşı profilaktik tədbirlər vaxtında həyata keçirilməlidir. Kiçik bir laqeydlik, bir neçə həftəlik gecikmə belə məhsulun əhəmiyyətli hissəsinin itirilməsinə səbəb ola bilər. Zərərvericilərlə mübarizə sadəcə texniki proses deyil – bu, bolluğun qorunması, ruziyə sahib çıxmaq və dövlətin iqtisadi dayaqlarını möhkəmləndirmək deməkdir. Hər bir fermer, hər bir kənd sakini anlamalıdır ki, bu sahədə məsuliyyətli davranış təkcə şəxsi marağa deyil, ümummilli rifaha xidmət edir.

Taxıl və çörək ölkənin iqtisadi gücünün, sosial sabitliyinin və milli birliyinin əsas göstəricisidir. Onların qorunması hər bir vətəndaşın borcudur. Zərərvericilərlə mübarizə isə yalnız kənd təsərrüfatı problemi deyil —xalqın ruzisini, dövlətin ərzaq təhlükəsizliyini qorumaq missiyasıdır. Çörəyi zərərvericiyə verməmək, əkinə sahib çıxmaq — torpağa, dövlətə və gələcəyə sahib çıxmaq deməkdir.

Hazırladı: Lalə Ziyadqızı

Keçidlər