Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil və peşə hər bir qızın haqqıdır

16 mart 2023 | 18:48

 

16 mart 2023-cü il tarixində Qobustan Gənclər evində Qobustan rayon İcra Hakimiyyətinin, YAP Qobustan rayon təşkilatının, “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə erkən nikahların fəsadları ilə əlaqədar “Təhsil və peşə hər bir qızın haqqıdır” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə mövzu ilə bağlı “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyinin sədri Gülnarə Bağırova, Dini qurumlarla iş üzrə DK-nin rayon üzrə nümayəndəsi Nahid Babaşov, Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli və YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov çıxış edərək bildirmişlər ki, ölkə qanunlarına əsasən 18 yaşa çatmamış hər bir şəxs uşaq sayılır, buna görə də bu şəxslərin ailə qurması erkən nikah sayılır və bu hal ciddi qanun pozuntusu hesab olunur. Həm də çox vaxt erkən yaşda insanlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra ciddi fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığı, ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi bir çox problemlərə yol açır. Buna görə də erkən nikahların qarşısının vaxtında alınması, bu kimi hallara yol verilməməsi cəmiyyətimiz qarşısında duran əsas məsələlərdən biridir. Erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktiki tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün belə maarifləndirmə tədbirlərinin yalnız uşaqlar və gənclər arasında deyil, valideynlər arasında da aparılmasının vacibliyi diqqətlərə çatdırılmışdır.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılmış və iştirakçılara “Erkən nikah: reallıqlar və perspektivlər” kitabçaları paylanılmışdır.

Keçidlər