Şriftin ölçüsü :

Saytın rəngi :

“Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda maarifləndirici tədbir

12 may 2026 | 17:31

     12.05.2026-cı il tarixdə Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsinin birgə təşkilatçılığı ilə “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

     Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gülnar Mehdiyeva, DQİDK-nin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan şəhəri A.Qayıblı adına 3 saylı tam orta məktəbinin direktor müavini Sədaqət Məhərrəmova, müəllimlər və şagirdlər iştirak etmişdir.

     Gülnar Mehdiyeva çıxış edərək bildirmişdir ki, təhsil insan həyatının formalaşmasında və inkişafında mühüm rol oynayan əsas amillərdən biridir. İnsan məhz təhsil vasitəsilə dünyanı tanıyır, bilik və bacarıqlar qazanır, gələcəyini qurur. Təhsil yalnız məktəbdə dərs oxumaq deyil, eyni zamanda insanın düşüncə tərzinin, dünyagörüşünün və mənəviyyatının formalaşmasıdır. Ulu öndər Heydər Əliyev demişdir: “Təhsil millətin gələcəyidir.” Bu fikir təhsilin nə qədər vacib olduğunu bir daha göstərir. Təhsildən yayınmanın nəticələri isə çox ağırdır. Təhsil almayan insanın savad səviyyəsi aşağı olur, peşə sahibi olmaqda çətinlik çəkir və gələcəkdə işsizlik problemi ilə qarşılaşa bilər. Bu cür insanlar cəmiyyətin inkişafına da lazımi töhfəni verə bilmirlər. Təhsilsizlik yoxsulluğun, cinayətkarlığın və sosial problemlərin artmasına səbəb olur. Çünki savadlı insan həm öz hüquqlarını bilir, həm də cəmiyyət qarşısında məsuliyyətini anlayır.

     Daha sonra çıxış edən Nahid Babaşov təhsilin insanın dünyagörüşünün formalaşmasında, düzgün qərarvermə bacarıqlarının inkişafında və cəmiyyət üçün faydalı şəxs kimi yetişməsində mühüm rol oynadığını vurğulamışdır. O bildirmişdir ki, hər bir insan təhsilin dəyərini dərindən anlamalı, daim öyrənməyə və özünü inkişaf etdirməyə çalışmalıdır. Güclü və inkişaf etmiş cəmiyyətin formalaşmasının əsas şərtlərindən biri savadlı, bilikli və vətənpərvər gənclərin yetişdirilməsidir.

      Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər