Vaxtında, düzgün göstərilən baytarlıq xidməti sağlam heyvandarlığın və təhlükəsiz ərzaq təminatının əsasıdır
Vaxtında, düzgün göstərilən baytarlıq xidməti sağlam heyvandarlığın və təhlükəsiz ərzaq təminatının əsasıdır
Heyvandarlıq sahəsi kənd təsərrüfatının əsas istiqamətlərindən biridir və onun dayanıqlı inkişafı ilk növbədə epizootik təhlükəsizliyin təmin olunmasından asılıdır. Bu baxımdan, baytarlıq xidmətlərinin səmərəli təşkili həm kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, həm də əhalinin sağlamlığının qorunmasına birbaşa təsir göstərir.
Aqrar rayon olan Qobustanda da bu sahə daimi olaraq rayon rəhbərliyinin diqqət mərkəzindədir. Rayonda baytarlıq işlərinin təşkili, peyvəndləmə tədbirlərinin vaxtında aparılması, dezinfeksiya və profilaktik nəzarət işlərinin mütəmadi həyata keçirilməsi üçün lazımi dəstək və nəzarət mexanizmi yaradılmışdır. Rayon rəhbərliyi vaxtaşırı kəndlərdə əhali ilə keçirilən görüşlər zamanı ictimai, sosial və s. digər vacib məsələlərlə yanaşı kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq, taxılçılıq sahələri ilə də bağlı geniş müzakirələr apararaq ictimai maarifləndirmə tədbirlərini həyata keçirir. Nəticədə isə heyvandarlıq məhsullarının keyfiyyəti artır, kənd təsərrüfatı daha məqsədyönlü və səmərəli inkişaf edir.
Epizootik tədbirlər və profilaktika
Əgər vaxtında və düzgün baytarlıq xidməti göstərilərsə, işlər günün tələbləri səviyyəsində qurularsa bölgədə epizootik sabitlik qorunar, heyvan xəstəliklərinin qarşısı vaxtında alınar. Bu istiqamətdə rayonda mövcud vəziyyətlə bağlı Qobustan rayon Heyvan sağlamlığı və baytarlıq xidmətinin rəisi, baş baytar həkim Emil Zinharovla həmsöhbət olduq. O bildirdi ki, hazırda rayonda epizootik vəziyyət sabitdir. Hər il olduğu kimi bu il də iribuynuzlu və xırdabuynuzlu heyvanlarda müxtəlif yolxucu xəstəliklərə qarşı vaksinasiya aparılmışdır. Məsələn, dabaq , nodulyar dermatit, qarayara, çiçək, rev-1, stamp 19(B-19), itlərdə quduzluğa, vəhşi heyvanlarda oral quduzluğa qarşı(meşə ətrafı yemlər qoyulmaqla) profilaktik peyvəndləmə işləri həyata keçirilmiş və davam etməkdədir. Dabaq xəstəliyinə qarşı peyvəndləmə 6 aydan bir, digər yoluxucu xəstəliklərə qarşı isə ildə bir dəfə aparılır. Qeyd etməliyik ki, peyvəndləmə zamanı heyvanların xəstə olması və boğazlıq dövrü mütləq şəkildə nəzərə alınır.
Dabaq xəstəliyi və ona qarşı mübarizə
Məlumdur ki, hazırda respublikamızın bir sıra bölgələrində heyvanlar arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur. Təəssüf ki, bu bizim rayondan da yan keçməmişdir. Rayonun baş baytar həkimi E.Zinharov bildirdi ki, bununla əlaqədar olaraq bütün rayon ərazisində heyvanlar arasında yayılmış dabaq xəstəliyinə qarşı nəzarət gücləndirilib və diqqətdə saxlanılır, profilaktiki və müalicə tədbirləri davam etdirilir. Bütün kəndlərdə və şəhərdə əməkdaşlarımız, sahə həkimləri tərəfindən əhali ilə görüşlər keçirilir, heyvan sahiblərinə xəstəliyin əlamətləri, müalicə üsulları və qarşısının alınması yolları, karantin qaydaları barədə məlumat verilir, maarifləndirici söhbətlər aparılır. Onu da xatırlatmaq istərdim ki, dabaq xəstəliyi müşahidə edildikdə dərhal təsərrüfata karantin qoyulur və müvafiq qaydalara əməl olunmaqla törədicinin bu ərazidən kənara çıxmasının qarşısı alınır. Mütəxəssisləimiz bu tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə həyata keçirirlər. Ödənişsiz əsaslarla aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri aparılır. Eyni zamanda, heyvanları dabaq xəstəliyindən qorumaq üçün təsərrüfatlarda mütəmadi baytarlıq-sanitariya tələblərinin aparılması, heyvanların dövri peyvəndlənmədən yayındırılmaması, yeni heyvan aldıqda dabağa və digər xəstəliklərə qarşı peyvənd edilməsi ilə bağlı məlumat almaq vacibdir.
Quşçuluq təsərrüfatları da baytarlıq nəzarətinin əsas istiqamətlərindən biridir. Ev quşlarında infeksion xəstəliklərin qarşısının alınması, dezinfeksiya tədbirləri və peyvəndləmə işləri planlı şəkildə aparılır. Fermerlər və təsərrüfat sahibləri üçün gigiyena qaydaları, qidalanma və saxlanılma şərtləri ilə bağlı maarifləndirici təlimlər həyata keçirilir. Qeyd etmək istərdim ki, rayon rəhbərliyinin tapşırığına və ciddi nəzarətinə əsasən görülən tədbirlərlə bağlı gündəlik məlumat verilərək mövcud vəziyyət təhlil edilir.
Qeyd etmək lazımdır ki, baytarlıq tədbirlərinin səmərəliliyi həm də əhalinin fəal mövqeyindən də asılıdır. Heyvan sahiblərinin vaksinasiya prosesinə laqeyd yanaşmaması, xəstəlik halları barədə vaxtında məlumat verməsi bu istiqamətdə görülən işlərin əsas şərtlərindəndir.
Hazırladı: Lalə Ziyadqızı






