Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Arif oğlu Vəliyevin doğum günü münasibətilə anım mərasimi qeyd edildi

17 oktyabr 2022 | 15:21

Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Şəhidlik Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. 

17 oktyabr 2022-ci il tarixində Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Arif oğlu Vəliyevin doğum günü münasibətilə anım mərasimi qeyd edildi.

Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və məktəblilər iştirak etdilər.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və  yaxınlarına ehtiramını bildirən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bu qələbəsi Azərbaycanın dünyada güclü dövlət olduğunu bir daha təsdiqlədi. Ölkəmizdə hər zaman cəsur oğul və qızlarımızın şücaəti yüksək qiymətləndirilib. Bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirələri  uca tutulur, adları əbədiləşdirilir. İgid oğullarımızın məğrurluğu, qətiyyəti, vətənpərvərliyi bütün  gənclərimiz üçün əsl örnəkdir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd etdi, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyərək qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd etdi.

Mərasimdə çıxış edən şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri şəhidin həyatından və döyüş yolundan, onunla bağlı xatirələrindən danışıblar, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Vətən müharibəsi şəhidlərinin irsinin öyrənilməsinin vacib rolunu qeyd ediblər. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub.

Məlumat verilib ki, Azərbaycan Ordusunun giziri olmuş Elyar Vəliyev Vətən müharibəsi zamanı Fizulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 2020-ci il  oktyabrın 19-da qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Vəliyev Elyar Arif oğlu "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidimizin həyat və döyüş yolundan söhbət açan valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını  bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər