Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Rəşadət ordenli Murad Yusif oğlu İbadovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi keçirildi

16 oktyabr 2022 | 12:11

Vətən müharibəsi şəhidi Rəşadət ordenli Murad Yusif oğlu İbadovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi keçirildi

Murad İbadov 1993-cü 29 dekabr tarixində Qobustan rayonu Cəyirli kəndində anadan olub.2000-ci ildə Qobustan rayonu Cəyirli kəndində Şəhid Rasim Hüseynov adına ümumi orta məktəbin 1-ci sinfinə daxil olub. 2009-cu ildə həmin məktəbi bitirdikdən sonra Qobustan rayonu Cəyirli kənd Şəhid Ayaz Quliyev adına tam orta məktəbində təhsilini davam etdirib.

2011-ci ildə məktəbi bitirib. Murad İbadov hələ uşaq yaşlarından vətənə xidməti özünə hədəf seçib. Arzuladığı peşəyə yiyələnmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub. 2015-ci il dekabr ayında təhsilini bitirərək 2016-cı il 1 yanvar tarixindən Bərdə korpusunda xidmətə başlayıb. Elə xidmətə başladığı ilk il dörd günlük aprel müharibəsinin iştirakçısı olub.  2016-cı il dördgünlük müharibədə iştirak etdikdən sonra Tərtər rayonu "N" saylı hərbi hissədə leytenant olaraq xidmətini davam etdirib. 2020-ci ilin 27 sentyabr tarixində başlanmış İkinci Qarabağ müharibəsində döyüşlərin ilk günlərindən etibarən baş leytenant kimi qatılıb.

Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılan baş leytenant Suqovuşan istiqamətində gedən qızğın savaşda düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Ağdərə istiqamətində gedən döyüşlərdə mühasirəyə düşərək ağır yaralanıb. Lakin yaralı olduğuna baxmayaraq,son nəfəsinə kimi düşmənlə mübarizə aparıb, oktyabrın 17-də qəhrəmancasına şəhid olub...

2020-ci ilin 22 noyabr tarixində anadan olduğu Qobustan rayonu Cəyirli kəndində dəfn edilib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən,Murad İbadov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Vətənimizin ərazi bütövlüyünün bərpası üçün canından keçəcəyinə and içmişdi Murad.. Andına da sadiq qaldı. İndi şəhidimizin ailəsi onunla qürur duyur. Bəli, igid döyüşçülərimiz rəşadətləri ilə ailələrinə, el-obalarına şərəf, başucalığı gətirdilər. Onların hesabına şanlı qələbəni daddıq, bayrağımız zəfərlə dalğalandı. İşğaldan azad edilən hər kənd, hər şəhər onların misilsiz qəhrəmanlıqlarının təcəssümüdür...

Keçidlər