Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımından 31 il keçir

26 fevral 2023 | 09:15

Qobustan rayonunda Xocalı soyqırımı qurbanlarının xatiəsi yad edilib.

 Xocalı faciəsinin 31-ci ildönümündə Qobustan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri rayonun Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarlarına tər gül dəstələri düzüblər.

Bildirilib ki, Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 31 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədib. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Bu rəqəmlər Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayaraq mərhələlərlə həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsini əks etdirir.

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərlə bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisasını alıb.

Keçidlər