Şriftin ölçüsü :

Saytın rəngi :

YAP VIII Qurultayından irəli gələn vəzifələrin icrasına dair rayon müşavirəsi keçirilib

14 oktyabr 2026 | 17:07

14.10.2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının qərarlarından irəli gələn məsələlərin həlli istiqamətində geniş tərkibli rayon müşavirəsi keçirildi.

     Müşavirədə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov,YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov,Qobustan Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun Hüquq-Mühafizə orqanlarının rəhbərləri, partiya fəalları, ağsaqqallar, rayon ərazisində fəaliyyət göstərən təşkilatların nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

     Müşavirədə dövlət himni səsləndirilib.Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

     Müşavirəni giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov YAP-ın VIII Qurultayının ölkəmizin tarixi Zəfərindən və ərazi bütövlüyünün tam bərpasından sonrakı yeni dövrdə mühüm strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Natiq vurğulayıb ki, partiyanın sədri, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən qurultayda müəyyən edilmiş hədəflər yerli icra orqanlarının, cəmiyyətin bütün aparıcı qüvvələrinin qarşısında yeni tələblər qoyur. Rayon İcra Hakimiyyətinin başçısı rayonda sosial-iqtisadi layihələrin davam etdirilməsi, dövlət strukturlarının vətəndaş məmnunluğuna xidmət edən səmərəli fəaliyyəti və yeni reallıqlara uyğun ideoloji işin təşkili barədə konkret tapşırıqlarını diqqətə çatdırıb.

     Daha sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov YAP-ın milli dövlətçilik xəttinin və ideoloji prinsiplərinin cəmiyyətdə təbliğ olunmasında yaşlı nəslin böyük rolu olduğunu qeyd edib. Ş.Bayramov rayon ağsaqqallarının gənclərin vətənpərvərlik ruhunda böyüməsi, milli-mənəvi dəyərlərin qorunması və zərərli vərdişlərdən uzaq tutulması istiqamətində gələcəkdə də fəal iş aparacağını vurğulayıb.

     Müşavirədə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Qobustan Təhsil sektorunun müdiri Anar Osmanov, Q.Ələkbərov adına Çuxanlı kənd tam orta məktəbin direktoru, əməkdar müəllim  Əmirağa Eyyubov, Rasim Hüseynov adına Cəyirli kənd ümumi orta məktəbin direktoru Buğday Azadə çıxış edərək qurultay qərarları fonunda yeni nəslin formalaşdırılması və təhsil ocaqlarında aparılan ideoloji işlərdən bəhs ediblər. Təhsil müəssisələrində  dövlət atributlarına ehtiramın gücləndirilməsi, tarixi qələbəmizin dərindən aşılanması və təhsil islahatları çərçivəsində təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məruzə ediblər.

     Müşavirədə çıxış edən şəhid atası Hacı Arif Vəliyev və Vətən Müharibəsi qazisi Ramin Rəcəbli dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, YAP-ın qurultay qərarlarında əksini tapan milli həmrəylik ideyaları və vətənpərvərlik xətti gənc nəsil üçün ən doğru örnəkdir. Rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin fəxr və qürur mənbəyi olduğunu deyərək, şəhidlərin qanı bahasına başa gələn bu müqəddəs amalların və tam suverenliyimizin qorunmasında hər bir vətəndaşın fəal olmasının önəmini vurğulayıblar.

     Geniş müzakirələr şəraitində keçən müşavirənin sonunda YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn məsələlərin icrası ilə bağlı rayonda görüləcək tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədilə yerli qurumlara müvafiq tapşırıqlar verildi, aidiyyəti üzrə qərarlar qəbul olundu.

Keçidlər