Şriftin ölçüsü :

Saytın rəngi :

Yol mədəniyyətin aynasıdır- asfalt yollar rayonun simasını dəyişdi Rəhbərliklə xalqın birgə səyi – abad kəndlərin yolu

17 noyabr 2025 | 14:15

Yol mədəniyyətin aynasıdır- asfalt yollar rayonun simasını dəyişdi Rəhbərliklə xalqın birgə səyi – abad kəndlərin yolu

Rayonun sosial-iqtisadi inkişafında yolların rahatlığı, abadlığı, yenilənməsi xüsusi yer tutur. Yollar sadəcə nəqliyyat vasitələrinin hərəkəti üçün deyil, həm də insanların bir-biri ilə əlaqəsini, kəndlər arasında iqtisadi və mədəni inteqrasiyanı təmin edən əsas vasitədir. İnkişafın ölçüsü çox vaxt yollarda əks olunur – rahat, asfalt yollar həm də hər bir rayonun ümumi rifahının göstəricisidir.  

Rəhbərlik və xalq həmrəyliyi – inkişafın açarı

2011-ci illərlə müqayisədə bu gün rayonun ümumi mənzərəsi tamamilə fərqlidir. O vaxtlar bir çox kəndlərdə torpaq və çınqıl yollar üstünlük təşkil edirdi. Yağışlı mövsümlərdə kəndlərarası və rayonla əlaqə demək olar ki, kəsilirdi. Hazırda isə dövlət proqramları, rayon rəhbərliyinin təşəbbüsü və sakinlərin fəal iştirakı nəticəsində əsas və kənd daxili yolların əksəriyyəti asfalt örtüyə qovuşub. Yeni asfalt örtükləri ilə yanaşı, səkilər salınıb, suötürücü xətlər bərpa olunub, kəndlərin ümumi siması dəyişib. Bu, həm əhalinin rahatlığını artırıb, həm də kənd təsərrüfatı və ticarət fəaliyyətinin canlanmasına səbəb olub.

Rayon rəhbərliyinin son illərdə bu sahəyə göstərdiyi diqqət və xüsusən kəndlərdə ardıcıl keçirilən səyyar görüşlər zamanı əhali ilə qurduğu səmimi və isti münasibət, dialoq çox yaxşı müsbət nəticə verib. Yəni artıq 2011-ci ildən etibarən rəhbərlik və sakinlərin birgə səyi, əməyi nəticəsində kəndlərə gedən və kəndarası daxili yolların bərpası, asfaltlanması, yenilənməsi yalnız büdcə vəsaiti hesabına deyil, eyni zamanda  sakinlərin könüllü təşəbbüsü ilə də həyata keçirilir. Hətta bəzi kəndlərdə insanlar öz vəsaiti, ehsan və xeyriyyə niyyəti  ilə də yolları bərpa etdirir. Bu yanaşmanı, bu münasibəti  həm sosial məsuliyyətin, həm də milli dəyərlərin təzahürü kimi qiymətləndirmək olar. Yol çəkilişində yaxından  iştirak edən, vəsait, sərmayə qoyan sahibkarlar və kənd camaatı isə yalnız fiziki, texniki bir iş görmüş olmurlar-onlar eyni zamanda  birlik, həmrəylik və məsuliyyət nümunəsi  yaradırlar. Ata-babalarımızdan qalan bu müqəddəs xeyriyyə və böyük vətənpərvərlik nümunəsini gələcək nəsillərə ötürürlər, ərmağan edirlər.

 

 

 Ağsaqqal sözü-ictimai həmrəyliyin təməli

     Məlum olduğu kimi Qobustan rayonu,  rayon mərkəzindən-Qobustan şəhərindən, 31 kənddən, 1 qəsəbədən ibarətdir. Təcrübə göstərir ki, kəndlərdə ictimai rəyin formalaşmasında və birgə fəaliyyətin təşkili prosesində ağsaqqalların, nüfuzlu şəxslərin və ziyalı təbəqənin rolu əvəzsizdir. Harada ki böyük sözü, ağsaqqal sözü, məsləhəti hörmətlə qarşılanır, orada həm ictimai həmrəyliyin, həm də idarəetmə mədəniyyətinin yüksək olduğu bəlli olur. Belə kəndlərdə əhali ilə düzgün maarifləndirmə, təbliğat  və qarşılıqlı etimad mühiti formalaşdığı üçün bütün sosial və təsərrüfat məsələləri daha operativ həllini tapır. Bu bir daha sübut edir ki, yerli liderliyin, mənəvi nüfuzun  və düzgün, məqsədyönlü təbliğatın  mövcudluğu  infrastruktur layihələrin həyata keçirilməsində əsas amillərdəndir. 

   Belə müsbət nümunələr sırasında  yer alan kəndlərimiz və onların nüfuzlu, hörmətli şəxsləri sırasında fərqlənənləri oxucularımızın da diqqətinə çatdırmaq istərdik:    Rayonun Təklə kəndində 7500 m kənddaxili yolun 5100 metrinə (68%) artıq asfalt örtük çəkilmişdir.  Asfaltlanmış yolun 800 metr hissəsi kənd sakini, Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov, oğlu və qardaşı Gülbala Bayramov tərəfindən, qalan hissəsi isə ağsaqqal, ziyalı çağırışına əsasən kənd camaatı tərəfindən asfaltlanmışdır.  Bu məsələdə öndə gedən nümunəvi kəndlərimizdən biri də Ərəbşalbaş kəndidir ki, burada   9500m kəndaxili yolun 6200 metri kənd sakini Hacı Rasim və digərləri tərəfindən asfaltlanmışdır. Abadlığı, yaşıllığı, səliqəsi ilə göz oxşayan  kəndlərimizdən olan Yekəxana kəndində  1800m kənddaxili yolun artıq 1000 m hissəsi(55,6%), Dərəkənd  kəndi üzrə  1980 m kənddaxili yolun 1200m hissəsi (60,6%),  Sədəfli kəndi üzrə 1350 metr kəndaxili yolun 750 m (55,6%) hissəsi, Cəmcəmli kəndi üzrə 4300m kənddaxili yolun 2300m(53,5%)hissəsi, Poladlı kəndi üzrə 4900m kəndaxili yolun 2500m hissəsi (51%)asfaltlanmışdır. Ümumilikdə isə rayon üzrə  101786 m kənddaxili yolların 32500m hissəsi, təqribən 35 faizi asfaltlanmışdır. Əvvəlki və  hazırki dövrü müqayisə etsək görərik ki, 2011-ci ildə demək olar ki, heç bir kənd ərazisində kəndaxili yollarda asfaltlanma işləri aparılmadığı halda hazırda bu rəqəm 35 faiz təşkil edir. Kəndlərə gedən və kəndaxili yolların hər iki tərəfində  ağac və gül kolları yetişdirilib, səkilər salınıb, suötürücü xətlər quraşdırılıb, bərpa edilib.

 

 Zəif göstəricilərin səbəbi – biganə münasibətdir

 

     Lakin təəssüflə qeyd etməliyik ki, bütün kəndlərdə vəziyyət heç də ürəkaçan deyil. Bəzi yaşayış məntəqələrində yolların əksər hissəsinin  hələ də bərbad vəziyyətdə qalması və asfaltlama işlərinin yalnız qismən həyata keçirilməsini yerli icra nümayəndələrinin və bələdiyyələrin, digər əlaqədar qurumların zəif fəaliyyəti və ya fəaliyyətsizliyi kimi də dəyərləndirmək olar. Bu həm də əhali ilə əlaqələrin zəif olması, laqeyd və formal münasibət  ilə bağlıdır. Lakin bütün hallarda icra nümayəndələri və bələdiyyə sədrləri sakinlərin təkliflərinə açıq olmalı, onların çağırışlarını dinləməlidirlər. Hər bir məsul şəxs bilməlidir ki, kənddə hər bir asfalt metrinin arxasında insan rifahı, uşaqların məktəbə rahat gedişi, xəstələrin təcili yardıma vaxtında çatması və s. dayanır. Ona görə də, bu gün hər bir yaşayış məntəqəsində  bələdiyyə və icra nümayəndələri, eyni zamanda digər əlaqədar qurumların nümayəndələri  sadəcə inzibati orqan deyil, həm də ictimai dialoqun qurucusu olmalıdırlar. Onların laqeyd münasibəti dəyişməli, sakinlərlə səmimi əməkdaşlıq formalaşdırılmalıdır. Çünki  rayonun iqtisadi həyatında böyük rol oynayan yollar, eyni zamanda həm mədəniyyətin, həm də idarəetmə vəziyyətinin göstəricisidir.  Rayonun hər bir kəndində çəkilən yeni yol- insanların rifahına, təhlükəsizliyinə və mədəni inkişafına atılmış addımdır.

  Eyni zamanda rahat  yol, abad kənd – yaxşı idarəetmənin, birgə səylərin nəticəsi olmaqla- həm də dövlətlə xalq arasında bir inam körpüsüdür, sabaha, inkişafa doğru atılmış real addımdır.

Hazırladı: Lalə Ziyadqızı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər