“Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirildi.
Noyabrın 7-də Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr - Zəfər Günü ilə əlaqədar “Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirildi. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan rayon təşkilatının əməkdaşları, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi, iqtisadi - siyasi təməllərinin möhkəmləndirilməsi və qüdrətli ordu quruculuğu istiqamətində misilsiz xidmətləri olan, müasir Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri düzdülər. Daha sonra iştirakçılar Qobustan şəhər Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə ucaldılmış memorial kompleks önünə tər çiçəklər qoydular.
Tədbir Qobustan Gənclər Evində rəsmi hissə ilə davam etdi.
Zəfər Gününə həsr edilmiş tədbir rayon Gənclər Evində “Bizə Zəfər yaraşır” mövzusunda rəsm işlərindən ibarət sərgiyə baxışla davam etdirildi.
Dövlət himni səsləndirildikdən sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov geniş məruzə ilə çıxış edərək Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi, bu Zəfəri bizə yaşadan, öz canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədi. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bugün qalib Azərbaycan xalqı Vətən Müharibəsində göstərdiyi hünəri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işləri ilə davam etdirir. Əzəli, tarixi torpaqlarımıza yeni həyat qayıdır, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması üçün böyük layihələr həyata keçirilir.
Tədbirin bədii hissəsi mədəniyyət və incəsənət ustalarının ifalarında Azərbaycana, şanlı tariximizə, vətənpərvərliyə həsr edilmiş rəngarəng konsert proqramı ilə davam etdirilərək bir-birindən maraqlı kompozisiyalar nümayiş olundu. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.






