Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Tariximizin ilk daş səhifələrini min illərlə özündə yaşadan Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində Azərbaycan Respublikasının şərq hissəsində yerləşir. Azərbaycan Respublikasının Qobustan ərazisi tarixi-coğrafi məkan olmaqla qədim Şirvanın tarixi ərazisi Mingəçevirdən tutmuş Kür çayının böyük sol sahil torpaqları Dərbənd də daxil olmaqla Dərbənd Səddinə (qədim Dağıstana) kimi uzanmışdır. Elə buna görə də tarixi-coğrafi baxımdan Şirvan dedikdə Qobustan Şirvan ərazisi hesab edilməlidir. Lakin bununla yanaşı keçən əsr yazılı mənbələrində inzibati ərazi vahidi kimi Şamaxı qəzasının iki böyük nahiyəyə (sahəyə) ayrılması məlumdur. Bunlardan biri Qoşun sahəsi, digəri isə Qobustan sahəsi adlanmışdır.

Onu da qeyd edək ki, Azərbaycanın müasir fiziki-coğrafi bölgəsinə əsasən Qobustan özlüyündə ayrıca bir fiziki-coğrafi sahə (rayon) kimi qeyd edilir. Qobustan fiziki-coğrafi ərazisi şimaldan Baş Qafqaz silsiləsinin suayırıcı cənub yamacı Kürəkçi dağın (527 m) suayırıcı ilə Altıağac kəndinin cənubundan keçir.

Qərbdə Baş Qafqaz suayırıcı üzərindən Altıağac yanından başlayaraq Aladaş yaylası, Xilmilli (Xiləmilli) və Pirsaat çayının sol qolu Acıdərə çayla uzanaraq cənubunda Pirsaat çayının yatağı ilə davam edərək Səba düzünə çıxdıqdan sonra Hərəmi sıra dağlarının suayırıcı ilə Kiçik Hərəmi və Mişov dağ istiqamətində Ələt burnundan Xəzər dənizi ilə qovuşur. Şərq sərhəddi Xəzər dənizi, Abşeron yarımadasında Yasamal dərəsi Ceyrankeçməz çökəkliyi istiqamətində uzanır. Qobustan qərbdən şərqə 80 km, şimaldan cənuba 100 km məsafədə uzanır. Ümumiyyətlə fiziki-coğrafi sahə olmaqla Qobustan ərazisinin bir qismi Xızı, Abşeron, Qaradağ, Hacıqabul inzibati rayonlarına daxil olmaqla yanaşı onun əsas hissəsi (1369,4 km2) 24 aprel 1990-cı ildə yaradılmış Qobustan inzibati rayonuna daxildir.

Qobustan inzibati rayonunun ərazisi az istisna olmaqla keçmiş Mərəzə inzibati rayonunun ərazisinə uyğun gəlir. Onun şimal sərhəddi Şamaxı rayonu ərazisində Taxtayaylaq sistemi, şimal-şərqdən Xızı inzibati rayonu Çingil çayı boyu uzanaraq Cəngi kəndinin az şərqdə, şərqdə və cənub-şərqdən Abşeron inzibati rayonu, cənubdan kiçik bir məsafədə (6 km) Hacıqabul inzibati rayonu, cənub-qərbdən, qərbdən və şimal-qərbdən Şamaxı inzibati rayonları ilə sərhədlənir. Təxmini şimaldan cənuba 51 km, qərbdən şərqə isə 45 km məsafədə uzanır.

Qobustan inzibati rayonunun ərazisi mürəkkəb relyefə malik dağlıq sahədir. Onun öyrənilməsi ümumi Qobustan ərazisi daxilində tədqiqatçıların diqqətindən kənarda qalmamış, onun tərkibində araşdırılmışdır.
Qobustan rayon ərazisi cənub-şərqə doğru meyllidir. Ərazi oroqrafiyasına görə dağlıq yayla tənəli öndağ, düzənliklər olmaqla üç yerə bölünür.
Dağlıq yayla Qobustanın şimal-qərb hissəsini əhatə edir. Bura dərin dərələrə parçalanmış düzən (penplen) səthli dağlıq sahələridir. Cənub-şərqə doğru alçalaraq yastı düzənliklər mövcuddur. Üçüncüsü, dördüncü dövrlərin yumşaq çöküntü süxurlarından ibarət olduqlarına eroziyaya daha çox məruz qalıb yuyulub aşınaraq yarğan və dərələrin inkişafına səbəb olmuşdur.
Acıdərə yaxınlığında dağlarda gil karstı inkişaf etmişdir. Buna görə də tipik karst landşaftı yayılmışdır. Belə karstı sahələr Pirsaat çaylı göl qolları, Acıdərə çaylı, Zəngi dərə (Qapçı) çay arasında bedlend (yararsız) psevda-karst (yalançı karst) inkişaf etmişdir.

Sumqayıt, Ceyrankeçməz çay dərələrində sürüşmə hadisələri yayılmışdır. Öndağ şərq cənub-şərq hissələrini əhatə edir. Burada palçıq vulkanları geniş yayılmışdır, gil karst relyefi müşahidə edilir. Düzən Qobustan isə inzibati rayonunun ərazisindən kənarda-cənubdadır.
Qobustan relyef formalarının əmələgəlməsində küləklərin, yağıntıların palçıq vulkanlarının rolu böyükdür. Palçıq vulkanları relyefdə xüsusi xarakterə malikdir. Rayon ərazisində Cəyirli, Şorsulu, Kolanı, Şeyxsərli, Qoduq qıran və s. palçıq vulkanları vardır.

Rayon ərazisində Sündü, Mərəzə, Pirdirəki, Qılıcan, Yacvanı, Gicəki, Qarpızlı yaylaları, Şaiblər, Qaiblər, Böyük Gicəki, Şəmşəddin, Sunqur, Bayanata, Girdə və s. yüksəklikləri qeyd etmək olar.
Geoloji baxımdan Qobustanda məhsuldar qat neft və qazla zəngindir. Bunların təbii göstəriciləri palçıq vulkanlarıdır. Qobustanda da təbii halda Nabur, Hilmilli (Xilmilli), Cəyirli Şorsulu, Ərəbqədim, Şeyxzərli, Kolanı və s. palçıq vulkanlarında təzahür edir.

Rayonda müxtəlif tikinti materialları ehtiyatı (əhəngdaşı, qum, çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist və s. ehtiyatı vardır.

 

Keçidlər