Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) Qobustan rayonunda təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə ictimai dinləmə keçirib

29 sentyabr 2010 | 15:00

İctimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər. Qobustan Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev tədbiri açaraq, İnsan Hüquqları üzrə Müvəkkili salamlamış, ictimai dinləmənin əhəmiyyətini vurğulayaraq, öz məruzəsində ölkə prezidentinin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən bu rayonda abadlıq-quruculuq işlərinin, sosial-iqtisadi inkişaf siyasətinin həyata keçirildiyini və bu sahədə işlərin davam etdirildiyini bildirmişdir. Məruzəçi habelə insan hüquqlarının müdafiəsinin və MFP-nin əhəmiyyətini vurğulayaraq, rayonda bu sahədə görülmüş işlər, vətəndaşların qəbulu, müraciətlərinə baxılması, vətəndaşların sərbəst toplaşması üçün açıq və qapalı yerlərin ayrılması və digər tədbirlər haqqında ətraflı məlumat verib. Ombudsman Elmira Süleymanova öz çıxışında bu ictimai dinləmənin əhəmiyyətini vurğulayıb. O, hazırda dünyanın, yer üzünün bütün qitələrinin, bir çox ölkələrin ağır sınaqlarla qarşılaşdığını, iqlim dəyişikliyinin, dağıdıcı ekoloji proseslərin, təbii fəlakətlərin, o cümlədən sellərin, daşqınların, torpaq sürüşmələrinin, qlobal iqtisadi böhranın baş verdiyini, ağır xəstəliklərin, o cümlədən HİV/AİDS, narkomaniyanın yayıldığını, müharibə, hərbi münaqişələr kimi hadisələrin dünyanı bürüdüyünü, dəhşətli itkilərin, insan tələfatının baş verdiyini bildirib, bu hadisələrin heç birinin Azərbaycandan da yan keçmədiyini söyləyib. Ombudsman dünyanı bürümüş ağır və çoxsaylı çətinliklərə baxmayaraq, 20 ilə yaxın müstəqil olan ölkəmizin bu sınaqlardan uğurla çıxdığını, Azərbaycanda digər sahələrlə yanaşı, insan hüquq və azadlıqların müdafiəsinin dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. E.Süleymanova eyni zamanda torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, nəticədə bir milyona yaxın soydaşımızın öz yurdunda qaçqın və məcburi köçkünə çevrildiyini, kütləvi şəkildə insan hüquqlarının pozulduğunu bildirib. E.Süleymanova respublikamızda, o cümlədən bu rayonda uğurla icra olunan MFP və həmin sənədin istiqamətləri, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı məlumat verib. Müvəkkil qarşıdan gələn parlament seçkilərini, seçki kampaniyasının davam etdiyini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulayıb, əhalini demokratik, azad seçkilərdə fəal iştirak etməyə çağırıb. Tədbirdə Ombudsman bu rayonda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, məhkəmə qərarlarının icra olunması və digər zəruri məsələləri müzakirəyə çıxarıb. 50 saylı DSK-nın sədri seçki prosesinin və namizədlərin irəli sürülməsi kampaniyasının davam etdiyini, MSK tərəfindən təqvim planının təsdiq olunduğunu, Seçki Məcəlləsi və müvafiq təlimatlara uyğun olaraq iş aparıldığını, seçki komissiyaları üçün təlimlər və seminarlar təşkil edildiyini, məntəqələrdə lazımi şəraitin yaradıldığını və müasir informasiya texnologiyaları ilə təmin edildiyini, seçki hüquqları sahəsində müntəzəm olaraq maarifləndirmə işinin təşkil olunduğunu, həmçinin seçici siyahılarının təkmilləşdirildiyini, mütəmadi olaraq məlumatların dərc edildiyini və yayıldığını, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi vəziyyəti haqqında məlumatları qeyd edib. Müzakirələrdə rayon polis rəisi, məhkəmənin əməkdaşı, rayon fəalları və digər iştirakçılar çıxış edərək, burada MFP və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətdə bir sıra qanunlara və normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, kriminogen durumun sabitliyi, narkotiklərlə mübarizə, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi vəziyyəti və digər məsələlər barədə məlumat veriblər. Eyni zamanda bir sıra problemlər, o cümlədən rayonda vəkilin və hüquq məsləhətxanasının, bu sahədə hüquqşünas kadrların olmadığı, hüquqi maarifləndirməyə böyük ehtiyac olduğunu bildiriblər. Ombudsman problemlərin həllində birgə səylərin, ödənişsiz hüquq məsləhətxanalarının fəaliyyətinin, narkomaniyaya qarşı mübarizənin daha da gücləndirilməsinin, uşaq və gənclərə sağlam həyat tərzinin aşılanmasının, onların vətənpərvərlik ruhunda tərbiyəsinin, pis vərdişlərə qarşı təbliğatın, MFP-nin icrasında səylərinin birləşdirilməsinin, əhalinin bütün kateqoriyalarının hüquqlarının müdafiəsinin, dövlət orqanlarının, icmaların, QHT-lərin, ictimaiyyətin birgə fəaliyyətinin, əhali ilə daha çox işləməsinin, bu prosesdə vətəndaş cəmiyyəti və icmaların səfərbər olmasının, bələdiyyələrin və QHT-lərin işinin təkmilləşdirilməsinin, hüquqi maarifləndirmənin, ailədə, cəmiyyətdə zorakılığın aradan qaldırılmasının zəruriliyini, erkən nikahların, qız uşaqlarının təhsildən yayınmasının, uşaq əməyi istismarının yolverilməzliyini və bu problemlərə daha çox diqqət yetirilməsinin, ictimai qınağın zəruriliyini vurğulamışdır. O, habelə məntəqə seçki komissiyaları üzvlərinin bələdiyyə və icmaları səfərbər etməklə, əhali ilə iş aparmasının, VVAQ, hərbi komissarlıq, polis orqanları, icmalar və bələdiyyələrlə birlikdə seçici siyahılarının müntəzəm olaraq təkmilləşdirilməsinin, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, bu sənədlərin müxtəlif səbəblərdən etibarsız hesab olunduqda vaxtında dəyişdirilməsinin, seçkilərdə əhalinin fəallığının, vətəndaşlara öz seçimini etmək üçün şəraitin və namizədlərə bərabər imkanların, sərbəst toplaşmaq üçün şəraitin yaradılmasının vacibliyini, seçkilərin azad və demokratik keçirilməsi üçün icra hakimiyyəti orqanları və polisin müdaxilə etməsinin yolverilməzliyini qeyd edib. Tədbirin sonunda E.Süleymanova Ombudsman təsisatının və bir sıra dövlət qurumlarının qaynar xətləri barədə məlumat verərək, insanların müraciətlərinə müvafiq orqanlar tərəfindən vaxtında baxıldığını vurğulayıb, MFP-nin nüsxələri, illik nəticələrin müzakirəsi ilə bağlı keçirilmiş yekun konfranslarının kitab şəklində nəşr olunmuş materialları, təsisat tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunub. Müvəkkil habelə rayon rəhbərliyi və polis rəisi ilə birgə şikayətçiləri qəbul edib, onların müraciətlərini araşdırmış və müvafiq tapşırıqlar verib. E.Süleymanova Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə seçki məntəqəsinə də baxış keçirib, məntəqə seçki komissiyasının sədrinə seçki hüquqları ilə bağlı tövsiyələr verib. Ombudsman səfər çərçivəsində İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə müvafiq standartlara uyğun Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına baxış keçirərək saxlanılan şəxslərlə söhbət aparıb, onlara hüquqlarını izah edib. Həmin şəxslər burada saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər. Lakin bəziləri barələrində aparılan istintaqın qeyri-obyektivliyindən narazılıq bildiriblər. Müvəkkil saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verib. O, eyni zamanda polis əməkdaşları ilə görüşdə qarşıdan gələn parlament seçkiləri də nəzərə alınmaqla, vətəndaşların seçki hüquqlarının müdafiəsinə diqqət yetirilməsinin, sərbəst toplaşaq azadlığının həyata keçirilməsinə şərait yaradılmasını, habelə polisin seçki prosesinə müdaxiləsinin, vətəndaşlara qarşı qeyri-etik davranışın, zorakılığın yolverilməzliyi qeyd edilib, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Müvəkkil Polis Akademiyasının nəşr etdiyi “İnsan hüquqları və polis”, “Hüquq-mühafizə orqanları əməkdaşlarının davranış məcəlləsi” vəsaitlərini RPŞ-nin rəhbərliyinə təqdim etmiş və bu vəsaitlərin öyrənilməsini, treninqlərdə və təlimlərdə istifadə olunmasını, təcrübədə tətbiqini tövsiyə edib.

Keçidlər