Xocalı soyqırımı – qan yaddaşımızın fəryadı
Xocalı soyqırımı – qan yaddaşımızın fəryadı
Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın şüurunda dərin iz salaraq onu daim milli özünüdərk ruhunda kökləyən faciəli hadisələr baş vermişdir. Ermənilərin faşist xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz belə dəhşətli hadisələrdəndir. 23 il öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə əl atmış erməni cəlladları dünyanın əzazil, qəddar və qaniçən insanları olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etdilər.
Qobustan rayonunda Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimində tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanına gələrək Vətən yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsini ehtiramla yad etdilər. Mərasimə gələnlər Rayon İcra Hakimiyyətinin foyesində erməni qaniçənlərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
Rayon İcra Hakimiyyəti rəhbərliyinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, eləcə də rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin iştirak etdikləri tədbir XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Xocalı faciəsi barədə ətraflı məlumat verdi, xalqımızın tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırdı. Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımlar atdığını qeyd edən natiq bu sahədə məqsədyönlü fəaliyyətin xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını, məhz onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, 26 fevral tarixinin “Xocalı soyqırımı günü” elan edildiyini və ulu öndərin hər il faciənin ildönümündə bu qanlı qətliamın bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğuladığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Ölkə Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasətin, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımların müsbət nəticələr verdiyini vurğulayan A.Məmmədov daha sonra bildirdi ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə yönəldilmiş son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Natiq həmçinin qeyd etdi ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər miqyası ilə daha çox seçilir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə artıq altı ildir ki, beynəlxalq miqyasda “Xocalıya ədalət!” kampaniyası həyata keçirilir.
RİH-nin başçısı bildirdi ki, fevralın 21-nə keçən gecə ATƏT-in Minsk Qrupunun həmsədrləri regionu tərk etdikdən sonra erməni Silahlı Qüvvələrinin təxribat qrupu növbəti dəfə mövqelərimizə basqın etməyə cəhd göstərib. Lakin əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqını zamanı həmyerlimiz Cavadov Zəlimxan Eybalı oğlu şücaət göstərərək şəhid olub. RİH başçısı şiddətli atışma zamanı mərdliklə həlak olmuş şəhid əsgərimizin xatirəsinin hər zaman əziz tutulacağını bildirdi.
A.Məmmədov rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün, şəhid ailəsi Narxanım Məmmədovaya və ailəsinə səbr, təmkin diləyərək Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirdi. RİH başçısı eyni zamanda bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını, onların bu və ya digər problemlərinin həlli istiqamətində böyük işlərin görüldüyünü diqqətə çatdırdı.
Anım mərasimi Mədəniyyət və Turizm Şöbəsinin Rayon Təhsil Şöbəsi ilə birlikdə hazırladıqları ermənilərin tarix boyu xalqımızın başına gətirdikləri müsibətləri, eləcə də Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdi.
Tədbirdən sonra rayonda yaşayan Xocalıdan olan şəhid ailəsinə maddi yardım göstərildi.