Tarixi həqiqətlər unudulmur
Tarixi həqiqətlər unudulmur
31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar rayon ərazisindəki Türk Şəhidliyi Xatirə Kompleksində ictimaiyyət nümayəndələri, şəhid ailələri, idarə və müəssisə kollektivlərinin iştirakı ilə anım mərasimi keçirildi. Əvəlcə iştirakçılar kompleksin önünə təzə-tər qərənfillər, qızılgül dəstələri qoyaraq burada uyuyan türk zabitini və onun şəxsində vətənimizin, torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda edərək şəhid olmuş qəhrəman övladlarını ziyarət etdilər. Tədbirin rəsmi hissəni RİH-nin başçısı Aparatının məsul işçisi Allahyar Atakişiyev açaraq, xalqımızın xoşbəxt gələcəyi üçün canlarını qurban vermiş şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Daha sonraRayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov xalqımızın yaddaşında dərin, sağalmaz izlər buraxmış bu tarixi günlə bağlı geniş məruzə ilə çıxış etdi. O, bildirdi ki, ermənilərin həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdi. Azərbaycan xalqını yer üzündən tamamilə silmək, yox etmək kimi mənfur niyyətini həyata keçirməyə çalışan ermənilər həm də xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənini dağıdıb viran etmiş, "saxta Ermənistan tarixi"ni nəinki yazmağa, hətta dünyanı buna inandırmağa çalışmışlar. Lakin tarix, tarix olaraq qalır. XX əsrin əvvəllərində ermənilər Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay, Qarabağ, Zəngəzur və Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar. Tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərın talan edilərək dağıdıldığını sübut edir. 1918-ci il martın 30-da Bakıda erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açdı. 31 mart səhər tezdən bolşevik daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələri havadan təyyarələr, dənizdən hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndə atəşi dayandırsalar da, artıq gec idi.
A.Məmmədov həmçinin, ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanının əhəmiyyətindən, həmçinin bu gün ölkəmizin hərtərəfli inkişafı üçün aparılan uğurlu siyasətdən danışdı. Rayon İcra Hakimiyyətinin başçısı hazırda dövlət başçımız cənab İlham Əliyev tərəfindən düşmən tapdağında olan torpaqlarımızın qaytarılması istiqamətində aparılan siyasətdən, görülən mühüm işlərdən də danışdı.
Tədbirdə Çuxanlı və Təklə kənd tam orta məktəbin şagirdləri vətənə, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə və vətən oğullarının fədakarlığına, döyüş əzminə həsr edilmiş ədəbi-kompozisiya ilə çıxış etdilər.
Onu da qeyd etməliyik ki , 31 mart-Azərbaycan xalqının soyqırımı ilə bağlı tədbirlər ayrı-ayrılıqda rayonun bütün idarə, təşkilatlarında və təhsil müəssisələrində keçirilmiş, soyqırımı qurbanlarının xatirəsi anılmışdır.