Sahibkarlığın inkişafı dövlət siyasətimizin başlıca istiqamətlərindəndir
Sahibkarlığın inkişafı dövlət siyasətimizin başlıca istiqamətlərindəndir
Rayon İcra Hakimiyyəti başçısının sahibkar və fermerlərlə görüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına dəstək verilməsi və bu istiqamətdə rayonda görülən işlərlə əlaqədar təşkil edilən bu görüşdə rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış etdi. O, son vaxtlar dünya ölkələrinin əksəriyyətində baş verən iqtisadi böhranın nəticələrinin Azərbaycana da təsirsiz ötüşməməsindən, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə də milli valyutanın devalvasiyaya uğramasından və bununla bağlı yaranan iqtisadi çətinliklərdən danışdı. Qeyd olundu ki, bütün bunlara rəğmən dövlətimizin başçısı tərəfindən atılan mühüm addımlar ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə xidmət edir. Prezidentin həyata keçirdiyi ciddi tədbirlər sayəsində Azərbaycanda süni qiymət artımının qarşısı qətiyyətlə alınır. O cümlədən, vətəndaşların sosial müdafiəsi istiqamətində görülən işlər xüsusi qeyd olunmalıdır. Ölkə başçısının sərəncamları ilə əməkhaqları, pensiyalar, müavinətlərin artırılması, vətəndaşların sosial müdafiəsi istiqamətindəki əlavə tədbirlər xalqımız tərəfindən çox müsbət qarşılanır.
İcra başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, Prezident İlham Əliyevin dövlət qurumları və yerli icra strukturları qarşısında qoyduğu vəzifələr barədə məlumat verdi, azad sahibkarlığın inkişaf etdirilməsi üçün ölkədə, o cümlədən rayonda sahibkarlara göstərilən qayğıdan, sahibkarlıq subyektlərinin sayının artmasından, onların fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və hərtərəfli köməyin göstərilməsindən danışdı. Bildirildi ki, hazırda rayonda 0000 sahibkarlıq subyekti fəaliyyət göstərir. Həmin sahibkarlıq subyektlərində 0000 nəfər çalışır, onların fəaliyyətinin genişləndirilməsi, işlərinə mane olan amillərin aradan qaldırılması məqsədilə tərəfimizdən sorğular keçirilir, müvafiq köməklik göstərilir. Əsassız yoxlamaların qarşısının alınması ilə bağlı tədbirlər görülür. “Bu gün ölkəmizdə yaradılmış ictimai-siyasi sabitlik iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsinə hərtərəfli şərait yaradıb. Qobustanda da sahibkarlığın inkişafı həmişə diqqət mərkəzində olub. Sahibkarlara lazımi kömək göstərilir, hüquqlarının qorunması istiqamətində işlər aparılır, onların üzləşdiyi çətinliklər və bunları yaradan səbəblər müəyyənləşdirilərək aradan qaldırılır. Dövlət başçısının sərəncamına uyğun olaraq İcra hakimiyyətində yaradılan Apelyasiya Şurası və digər komissiyaların işçi qrupunun üzvləri mütəmadi olaraq monitorinqlər keçirirlər. RİH-nin başçısı bütün bunlara rəğmən sahibkarları məsuliyyətli, ədalətli olmağa, vergiləri vaxtında, tam ödəməyə, uçotu düzgün aparmağa, qiymətləri süni şəkildə şişirtməməyə və şəffaf fəaliyyət göstərməyə səslədi. Görüşdə Rayon Polis Şöbəsinin rəisi Eminağa Zeynalov çıxış edərək sahibkarlara dövlətimiz tərəfindən yaradılan şəraitdən danışdı. O, sahibkarların öz işlərinə də məsuliyyətlə yanaşmasını tövsiyə etdi, xüsusilə yolkənarı obyektlərə mühafizəçi təyin edilməsinin vacibliyini vurğuladı.
Görüşdə çıxış edən fermer Mustafayev Pərvaz(Göydərə kəndi) bildirdi ki, 2 kombaynım, 2 traktorum var. Hər il 216 ha ərazidə taxıl əkirəm, növbəti ildə bir qədər də artırmağı nəzərdə tuturam. Bundan əlavə heyvandarlıqla da məşğul oluram. P.Mustafayev Aqrolizinq ASC-nin Qobustan Regional Bürosundan 2-3 ay müddətinə nisəyə gübrə verilməsi ilə əlaqədar xahiş etdi. Lakin RİH başçısı bunun mümkün olmadığını bildirərək “Götürülən hər bir kq gübrənin dəyəri dərhal ödənilməlidir”,-dedi.
Eyyubov Həmzə (Cəmcəmli kəndi) çıxışında bildirdi ki: - 120 ha əkin sahəm, 180 tonluq taxıl anbarım var. Bundan əlavə həyətyanı təsərrüfatı da inkişaf etdirirəm. Cins mal-qara saxlamaq fikirindəyəm və alınmasına köməklik göstərilməsini xahiş edirəm.
Fermer Qaçayev Heydər çıxış edərək diqqətə çatdırdı ki, aqrolizinq xətti ilə alınmış texnika və gübrələrin qiymətlərinə edilmiş güzəştlər biz zəhmət adamlarını sevindirir. Bu cənab Prezidentimizin daima biz sahibkarların, fermerlərin, bir sözlə zəhmət adamlarının yanında olduğunu təsdiqləyir. Rəhbəri olduğum ailə fermer təsərrüfatına aqrolizinq yolu 2 ədəd kombayn, 3 ədəd traktor və əkinçiliyə aid qoşquları ilə birlikdə Aqrolizinq ASC-dən 40% güzəştli şərtlərlə əldə etmişik. Bu da təqribən 130 min manatın bizə bağışlanması deməkdir. 120 ha sahədə taxıl əkmişik. əsasən Ağsu və Kürdəmirdə biçində oluram, 100 arı ailəm var və fəaliyyətimi daha da genişləndirmək fikrindəyəm.
“Gilan Holdinq” şirkətinin nümayəndəsi Həsənov Bilal çıxış edərək bildirdi ki, rayonda 78 nəfər işçimiz fəaliyyətdədir.900 ha əkin sahəmiz, 3800 baş xırda buynuzlu heyvanımz. Meyvə bağlarımız, ticarət mərkəzimiz, tikiş və çörək seximiz vardır. “Bağ-bağat” Mərkəzimiz isə turizm üçün geniş imkanlar yaradır.
Zümürxanov Həsən çıxış edərək heyvandarlıq kompleksindən, əkin sahələrindən və un dəyirmanından danışdı. Dövlət başçısının sahibkarlara yaratdığı münbit şəraitdən faydalanaraq bu sahələri daha da inkişaf etdirməyə israrlı olduğunu bildirdi.
Təklə kəndindən Pənah Ədilov, Qobustan şəhərindən Abduləzizov Ramil,Ərəbqədim kəndindən Mahmud Mahmudov, Hacı Füzuli, Yekəxana kəndindən Namizəd Xəlilov və başqaları çıxış edərək sahibkar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini irəli sürdülər. 2014-cü ildə baş vermiş quraqlığın fəsadlarını aradan qaldırmaq məqsədilə dövlət tərəfindən əvəzsiz şəkildə verilən toxuma və digər güzəştlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, onların fəaliyyətlərinin daha da genişləndirilməsinə kömək göstərilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirdilər.
Görüşdə həmçinin yeni bazar münasibətləri şəraitində təklif və mülahizələr səsləndirildi. Sahibkarlar daha çox Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən kreditlərin alınmasında çətinlik çəkdiklərini, böyük məbləgdə girovlar(xüsusilə Bakı və Sumqayıt şəhərlərində ev) tələb olunduğunu bildirərək əlaqədar təşkilat və qurumlar qarşısında məsələ qaldırılmasını xahiş etdilər.
İşgüzar şəraitdə keçən görüşün sonunda yekun nitqi ilə çıxış edən RİH-nin başçısı Adil Məmmədov qaldırılan məsələlərə və təkliflərə münasibət bildirdi. Vətənpərvərliyi, dövlətinə və onun rəhbərinə sədaqəti ilə fərqlənən qobustanlılardan razı olduğunu dilə gətirən başçı bunu ümummilli lider Heydər Əliyev yolunun, ideyalarının məntiqli davamı, inkişafı kimi dəyərləndirdi. Gənc sahibkar və fermerlər ordusunun formalaşması üçün bütün mövcud imkanlardan istifadə ediləcəyini diqqətə çatdıraraq, hər zaman onların yanında olacağını bildirdi. Və hər bir kəsi dövlətimiz və onun Prezidenti ətrafında sıx birliyə səslədi. Vurğulanıb ki, tələbatının dolğun şəkildə ödənilməsinə imkan verən istehsal müəssisələrinin yaradılması bundan sonra da davam etdiriləcəkdir. Daxili bazarda yerli istehsalın xüsusi çəkisini artırmaq üçün azad rəqabət mühitinin yaradılmasına nail olmalı, inhisarçılığın qarşısının alınması məsələlərinə diqqəti artırmalıyıq.
Eyni zamanda yerli məhsul istehsalçıları daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara çıxış imkanları haqqında da düşünməlidirlər. Nəzərə almaq lazımdır ki, tələbatdan artıq məhsulun ixracı qarşımızda duran əsas məsələlərdəndir. Buna görə sahibkarlar dövlətimiz tərəfindən onlar üçün yaradılmış şəraitdən lazımınca bəhrələnməli, daxili bazarda əhalinin yerli məhsullara olan tələbatının ödənilməsinə, eyni zamanda bu məhsulların rayondan kənarda satışının təşkilinə nail olmalıdırlar.
Sahibkar və fermerlərlə görüşdə səsləndirilmiş təkliflərin həyata keçirilməsi məqsədilə RİHB aparatının məsul əməkdaşlarına müvafiq tapşırıqlar verildi.