Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığının qarşısının alınması haqqında” tədbir.

20 dekabr 2024 | 17:12

  20.12.2024 -cü ildə Elyar Vəliyev adına Qobustan rayon 2 saylı tam orta məktəbdə    “Məişət zorakılığının qarşısının alınması haqqında” tədbir keçirilib.

Tədbirdə Qobustan rayon İcra hakimiyyəti başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Güləliyeva Təranə, Qobustan RİH - nin əməkdaşları, Qobustan RPŞ - nin əməkdaşı Polis leytenantı Əlibəyli Mübariz, Elyar Vəliyev adına Qobustan rayon 2 saylı tam orta məktəbin direktoru Mamedova Vüsalə, Qobustan RMX - nın əməkdaşları çıxış edib.

    Bu gün bütün dünyada və Azərbaycanda gender əsaslı zorakılığa qarşı fəallıq kompaniyasına start verilir.Hər il noyabrın 25-də Beynəlxalq qadınlara qarşı zorakılıqla mübarizə günündə başlayıb dekabrın 10-u beynəlxalq insan hüquqları günü başa çatan kompaniya ərzində bütün tərəfdaşlarımızı,bütövlükdə cəmiyyətimizi bu fenomenlə qətiyyətli  mübarizə aparmağa səsləyirik.

  Çünki bu qlobal problem yalnız fərdlərə deyil,ailələrə və cəmiyyətimizə ciddi mənfi təsirlər göstərir.Onun inkişaf və tərəqqisini sarsıdır.Zərərçəkənlərin bütün proseslərdə tam hüquqlu iştirakına maneələr yaradır.Şərəfli və təhlükəsiz həyat sürmək hüququnu pozur.Qadınlara və qızlara qarşı zorakılıq ciddi iqtisadi və sosial problemlərə yol açmaqla yanaşı milli iqtisadiyyata da zərbə vurur.

  İctimai sağlamlığın təmin olunmasını əhəmiyyətli dərəcədə ləngidir.Azərbaycan Respublikası ölkədə qadın hüquqlarının müdafiəsiylə bağlı mühüm nailiyyətlər əldə etmiş, mövcud hüquqi normativ çərçivədə səmərəli icra mexanizmləri yaratmışdır. Lakin hüquqların qorunması üçün yalnız hüquqi tədbirlər deyil,eyni zamanda ictimai dəstək və həmrəylik də vacibdir .Biz  hamılıqla patriarxal davranış normaları və selektiv münasibəti sındıra, ənənəvi gender stereotiplətinin müsbət düşüncə tərzinə transformasiya edə ,qadın və qızları səlahiyyətləndirərək diqqətimizi daha yaxşı bir dünya qurmaq naminə işə yönəldə bilərik.Gəlin bu kompaniya çərçivəsində güclərimizi birləşdirək,zorakılığa qarşı sıfır dözümlülük sərgiləyərək hamı üçün daha ədalətli bir gələcək uğrunda birlikdə mübarizə aparaq.

         Məişət zorakılığına hər bir insan məruz qala bilər, amma dünya təcrübəsi göstərir ki, əsasən qadınlar və qız uşaqları məişət zorakılığının qurbanı olur. Onların məişətdə qarşılaşdığı zorakılıq həm ləyaqətin alçaldılmasıdır, həm də gender bərabərsizliyi problemidir. Bütün dünyada məhz qadın olduğuna, kişi ilə bərabər hüquqlu sayılmadığına görə döyülən, psixoloji təzyiqə məruz qalan, sosial-iqtisadi, mülki və siyasi hüquqları pozulan, hətta həyatını itirən qadınların sayı bu problemin olduqca ciddi olduğunu göstərir. Qadınlara qarşı ayrı-seçkilik və zorakılıq bir cox beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının mübarizə apardığı əsas məsələlərdən  biridir.

   “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, məişət zorakılığı deyiləndə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvələr birgə yaşamaqlarından sui-istifadə etməklə, bir şəxsin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür.

     Məişət zorakılıq tək fiziki güc tətbiq etməklə (döyməklə) deyil, həmçinin sözlə (söyüş, təhqir, hədə-qorxu, şantaj) və hərəkətsizliklə ( məktəbə və ya işə getməyə icazə verməməklə, xəstə ailə üzvünü həkimə aparmaqdan qəsdən imtina etməklə) edilir.

     Məişət zorakılığının qarşısının alınması haqqında Qanun fiziki, psixi, iqtisadi və cinsi zorakılığı məişət zorakılığının formaları kimi sadalayır.

   Məişət zorakılığı nəticəsində dəymiş maddi ziyanın ödənilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək lazımdır. Ərizə zorakılıq nəticəsində maddi zərəri yetirmiş şəxsin yaşayış yeri üzrə məhkəməyə verilməlidir. Eyni qaydada mənəvi ziyanın ödənilməsini də tələb etmək olar. Məişət zorakılığı barədə şikayətlərə baxan yerli icra hakimiyyəti orqanı müəyyən etsə ki, şəxsin  əməllərində cinayət tərkibi var, həmin şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi barədə qərar qəbul edir.

    Məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır, yəni cinayət  işi  açıla və zorakılığı törətmiş şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər.

    Zorakılığa yol vermiş şəxs məsuliyyətə cəlb olunmaqla yanaşı, reabilitasiya tədbirlərindən də keçməlidir ki, gələcəkdə zorakı hərəkətləri təkrarlanmasın və zərər çəkmiş şəxsin təhlükəsizliyi  təmin olunsun. Həmçinin zorakılığa yol vermiş şəxsin pis vərdişlərdən (narkomaniya, alkoqolizim)  azad olması, psixoloji xəstəlikdən müalicə olunması üçün ona tibbi, psixoloji yardım göstərilməlidir. Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması, məsuliyyətinin izah edilməsi və təkrar törədilərsə xəbərdarlıq edilməsi vacibdir.

     Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilə və ya valideynlik hüquqları məhdudlaşdırıla bilər.

    Azərbaycanda qadınların və qızların cəmiyyətdəki rolu yüksəkdir. Müsəlman Şərqində ilk dəfə olaraq qızlar məktəbi məhz Bakıda açılmış və ilk dəfə olaraq səsvermə hüququ da azərbaycanlı xanımlara verilmişdir. “Ölkəmizin ali məktəblərində təhsil alanların 50 faizini qızlar təşkil edir, orta və ali təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizdən çoxu qadınlardır. Bir sıra ali məktəblərimizdə gender sahəsində tədqiqatlar aparılır. Respublikamızda qaçqın, köçkün və dünyadakı çoxsaylı miqrasiyalara baxmayaraq, ölkəmizdə bir çox sahədə olduğu kimi, təhsildə də təqdirəlayiq nəticələr əldə olunur. Radikalizm, zorakılıq, ksenofobiya, ayrı-seçkilik bəşəriyyətin ən böyük bəlasıdır və bunlar insanlığa ciddi ziyan vurur. Zorakı ekstremizmdən daha çox qadınlar və uşaqlar, xüsusilə qızlar əziyyət çəkirlər. Hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, qızlar cinsi istismara məruz qalır və insan alverinin qurbanına çevrilirlər. Elə ölkələr vardır ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. Qızların təhsil almasına, qadınların işləməsinə, onların sahibkarlıqla məşğul olmasına bir çox maneələr olur. Bunlar əsasən yoxsulluq, erkən nikahlar, gender əsaslı zorakılıq, cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı yanlış təsəvvürlərdir. Hər bir ölkə uşaqları qorumağı və onları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Bu müdafiənin daha möhkəm olması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunur.

     Azərbaycanda uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil alması, sağlam və savadlı mühitdə böyüməsi, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması və hüquqlarının qorunması sahəsində mühüm işlər görülüb. Milli strategiya kimi formalaşan dövlət uşaq siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Vitse-prezident Mehriban Əliyeva tərəfindən daha da gücləndirilib. Ölkəmizdə təhsilin inkişafında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etmək olar. Uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi, həmçinin konkret tədbirlərin həyata keçirilməsi ilə də reallaşdırılır. Bu layihələr valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilin inkişafına, hüquqlarının müdafiəsinə yönəlib.

     Bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nikah hallarının baş verməsidir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır.

  Əlavə olaraq bildirmək istəyirəm ki,məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi kişilərin və bilavasitə uşaqların da məişət zorakılığının qurbanı ola biləcəyini təsdiq edir. 

      Qobustan rayonunda gender zorakılığına məruz qalan ailələr-qadınlar çox az saydadır. Belə ki 2020-ci ildə 1, 2021-ci ildə isə belə hal olmamışdır, 2022-ci ildə 2, 2023-cü ildə belə hal olmamışdır.2024-cü ildə 1 məişət zorakılığı-psixoloji zorakılığa məruz qalan qadın olmuşdur. Məlumat daxil olduğu andan Komissiya olaraq dərhal xanımla əlaqə saxlanılmış, komissiyanın iclası keçirilmiş, təxirəsalınmaz işlər aparılmışdır.

 

   Bu problemlərlə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması və maariflənmənin gücləndirilməsidir.

 

     Qızlarımız nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı olacaq , nəticə etibarı ilə cəmiyyət savadlı olacaq . Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır. Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Ulu öndərimiz Heydər Əliyev deyirdi:"Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır". Savadlı ana savadlı gələcəkdir.

Keçidlər