“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda əhalinin müxtəlif zümrələri ilə görüş keçirildi.
Tədbirdə Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov , Fizika-riyaziyyat elmləri doktoru, professor Həmzağa Orucov, aparat işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və Qobustan rayon sakinləri iştirak etdilər. Tədbir Qobustan rayon Heydər Əliyev Parkında abidə önünə gül qoyulması ilə başlandı. Sonra Qobustan rayon Gənclər Evində Ulu Öndərə həsr olunmuş guşəyə baxış keçirildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himini səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə həmyerlimiz, Fizika-riyaziyyat elmləri doktoru, professor Həmzağa Orucov çıxış edərək bildirdi ki, Gələcəyimizi,bu günümüzü düşünən Ulu Önderimiz Heydər Əliyev sözün əsil mənasında uzaq görən bir insan idi.Heydər Əliyev çox vətənpərvər insan olub.Beləki,vətən,xalq,millət onun üçün hərşeydən qabaq gəlirdi. Heydər Əliyev təhsilə çox önəm verib. Heydər Əliyev xalqının savadlı olması üçün bu sahədə müxtəlif islahatlar keçirib.
Heydər Əliyev demişdir: “Təhsil millətin gələcəyidir”. Təhsilin inkişafı sahəsində Ulu Öndər Heydər Əliyevin xidmətləri çox böyükdür. Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət özünə məxsusluğu ilə seçilir. Belə ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi qavranılır. Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə yüzlərlə yeni tədris ocaqları, hərbi məktəblər və Ali məktəb ocaqları açılmışdır. Burada gənclərin yüksək ixtisaslı mütəxəsis kimi hazırlanmasına imkan yaradılmışdır.
Heydər Əliyevin keçmiş SSRİ-nin ali rəhbərliyində çalışdığı 1982-1987-ci illəri əhatə edir. Bu illərdə Heydər Əliyev dövlətin bütünlükdə təhsil sisteminə rəhbərlik edirdi. Heydər Əliyev gənclərlə görüşür, onların problemlərini həll etməyə çalışırdı. Eyni zamanda Heydər Əliyev gənclərin xarici ölkələrdə təhsil alması üçün lazimi tədbirlər həyata keçirirdi. 1988-ci ildən sonra ölkəmizdə tənəzzül və depressiya illəri başlayır. Bu dövr 1988-1993-cü illəri əhatə edir. Xalqımız üçün ağır illər olsada, Heydər Əliyevin islahatları nəticəsində xalq öz qüdrətini itirmirdi.
Dövlətimiz müstəqillik əldə etdikdən sonra cəmiyyətimizin hər bir sahəsində o cümlədən təhsil sahəsində canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikici dövrü olan 1993-2003-cü illərdə bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Əlbəttəki bu dövrdə Heydər Əliyevin yeni ideyaları, metodları özünü göstərir. Heydər Əliyevin siyasətinin nəticəsində orta məktəblərdə və ali təhsil ocaqlarında struktur dəyişikliklər baş vermişdir. Təhsil ocaqlarının maddi-texniki bazasının möhləmləndirilməsi istiqamətində lazimi quruculuq işləri görülmüşdür. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz verilib. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib. Bu işlər hamısı Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü sayəsində həyata keçirilib.
Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verəcəkdir.
Xeyirxahlığı, sadəliyi, vətənpərvərliyi ilə seçilən Heydər Əliyev məhz indiyə kimi bu xalqın yaddaşından çıxmamışdır. Məhz hər il May ayının 10-u hərkəs Ulu Öndərimiz Heydər Əliyevi yad edir. Heydər Əliyevin dövlətimizə verdiyi dəyərlər heç vaxt unudulmayacaqdır.
Daha sonra Qobustan rayon icra hakimiyyətinin başçısı cənab Adil Məmmədov geniş məruzə ilə çıxış edərək bildirdi ki, Müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafında, həyatımızın bütün sahələrində Ulu Öndərimizin əvəzsiz xidmətləri olmuşdur. Ulu Öndərin qoyduğu irs həqiqətən də bizim milli sərvətimizdir.
Xalqımız Ulu Öndəri haqlı olaraq Azərbaycanımızın qurucusu və memarı, xalqımızın xilaskarı, əbədiyaşar lider adlandırır.
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz bir məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.
Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü böyük işlər xalqın yaddaşında daim qalacaqdır.
Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanın həyatını büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.
Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca böyük cəsarət tələb edirdi. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilmişdir.
1990-cı ilin yanvarında keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qərəzli münasibətinin təzahürü olaraq, dinc etirazçılara qarşı Bakıya sovet ordusunun yeridilməsi misli görünməmiş qanlı faciə ilə nəticələndi. Əfsuslar olsun ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olduğundan nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə bu vəhşiliyi gizlətmək üçün əlindən gələni etdi.
20 Yanvar faciəsindən bir gün sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.
Həmin dövrdə Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan Naxçıvana getdi və Ulu Öndər yekdilliklə Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi.
1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar Respublikanın adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı
1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın Silahlı Qüvvələri yaradıldı.
Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra atəşkəs müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən dirçəlməsi üçün şərait yarandı.
Ulu Öndər Heydər Əliyev çıxışlarında daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını, bunun üçün zamana ehtiyac olduğunu, səbirlə, təmkinlə və ağılla hərəkət etmək lazım olduğunu vurğulayırdı. Müvəqqəti atəşkəs rejimi nəticəsində ölkədə daxili sabitliyə nail olundu, dövlətçiliyimiz möhkəmləndirildi, hərbi sənayemiz quruldu, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar aparıldı, bir çox əhəmiyyətli layihələrə imza atıldı.
Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.
Ulu Öndərin bizə qoyduğu irsi əlbəttə ki, bir görüşdə, bir tədbirdə tam açmaq, hamısını diqqətə çatdırmaq mümkün deyildir. Bu elə bir zəngin, çoxtərəfli irsdir ki, biz gündəlik həyatımızda bu irsin bizim yolumuza aydınlıq gətirməsinin, inkişafımıza təkan verdiyinin şahidi oluruq. Bu daim belə də davam edəcəkdir.
Bir neçə gündən sonra Azərbaycanın dövlət müstəqilliyi günüdür. Ulu Öndərimiz Dövlət Müstəqilliyi ilə bağlı bildirmişdir ki,
“Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”;
“28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”.
Bunun davamı olaraq müzəffər Ali Baş Komandan, İlham Əliyev bildirmişdir ki, “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”;
“Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”.
Qarşıdan gələn Dövlət Müstəqilliyi Bayramınızı da, ürəkdən təbrik edirəm.
Diqqətinizə görə sağ olun.
Sonda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ƏSRİN ADAMI” adlı sənədli filim nümayiş olundu.