Şriftin ölçüsü :

Saytın rəngi :

Altı ayın sosial-iqtisadi inkişaf yekunları və qarşıda duran vəzifələr müzakirə edildi

15 iyul 2016 | 16:00

İyulun 15-də  Qobustan rayonunda 2016-cı ilin  birinci yarısının  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
  Yığıncaqda  Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov,  hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdi.
      Rayon İcra Hakimiyyətinin başçısı  Adil Məmmədov hesabat məruzəsi ilə çıxış edərək dövlət başçısının sədrliyi ilə iyul ayının 10-da  keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  cənab Prezidentin dünyada təhlükələrin artdığı,  iqtisadi böhranın dərinləşdiyi bir dövrdə Azərbaycanda  ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin uğurla icra olunduğunu,  müvafiq dövrdə  ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulduğunu və ilin birinci yarısında 78 min daimi iş yeri açıldığını söylədiyini iştirakçıların diqqətinə çatdırdı.
      Rayon İcra hakimiyyətinin başçısı hesabat dövründə rayonda görülmüş işlər və  qarşıda duran vəzifələr barədə məlumat verərək bildirdi ki, son illərdə rayonumuzda gedən sosial-iqtisadi inkişaf, yolların çəkilməsi, təbii qaz, elektrik enerjisi və içməli su təminatının yaxşılaşdırılması rayonun demoqrafik göstəricilərinə öz müsbət təsirini göstərmişdir. Rayondan köçüb gedənlərin sayı kəskin şəkildə aşağı düşmüş, gələnlərin sayında isə artım müşahidə olunmuşdur.   
      Qeyd olundu ki, 2016-cı ilin birinci yarısında rayonumuzun yerli büdcəsi üzrə mədaxil planı 102 faiz icra edilmişdir.  Xidmət sahələrinin fəaliyyətindən danışan  başçı bildirildi ki,  hazırda şəhərdə təbii qazla təmin olunmayan 50-yə yaxın evin və Şıxzahırlı kəndinin qazlaşdırılması məsələsi qarşımızda duran ən mühüm vəzifələrdəndir və bundan sonra rayonun təbii qazla təminatı 100% olacaqdır.
    Rayon üzrə 120-yə yaxın yararsız dayaq metal dayaqlarla əvəz edilmiş, 20 km-dən artıq naqil dəyişdirilmiş, Qobustan şəhəri, Ərəbşalbaş, Təklə, Poladlı kəndlərində ümumilikdə 367 ədəd SİP naqillər üçün dayaq basdırılmış, 7 km-ə yaxın SİP kabel çəkilmiş, 250 elektron tipli sayğac quraşdırılmışdır. Rayon üzrə alınmış elektrik enerjisinin təxminən  18,0 faizi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində istehsal olunur.
   Rayonda ən mühüm problemlərdən olan içməli su təminatı məsələsinə toxunan  RİH başçısı vurğuladı ki, hazırda ümumi dəyəri 73 milyon dollar olan Qobustan şəhərinin su şəbəkəsi və kanalizasiya sisteminin qurulması işləri davam edir. Şəhər əhalisinin yalnız 29 faizinə sukanal idarəsi tərəfindən xətlərlə su verilir. Qalan əhali isə suyu daşıma yolu ilə alırlar. Layihə başa çatdıqdan sonra 8700 nəfərdən artıq şəhər əhalisinin hər biri içməli su ilə təmin olunacaqdır.     
     “Rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır”,-deyən rayon rəhbəri diqqətə çatdırdı ki, hazırda 15,0 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən 17,0 km-dən artıq Təklə-Sündü-Xilmilli yolunda son tamamlama işləri aparılır.  Daxili imkanlar hesabına Nabur kəndində 12 km-dən artıq yol çınqıl və qara örtüklü əsasla düzəldilmiş, Cəyirli kəndində 1 km-ə yaxın  qara örtüklü yol çəkilmişdir.
      Rayon əhalisinin 69 faizi asfalt yollardan istifadə edir. Artıq şəhərdaxili yolların da yenidən asfaltlaşdırılmasına başlanılmışdır.
     Rayonumuzun ərazisində “Polad” Yol Yapı Şirkəti tərəfindən Bakı-Şamaxı yolunun 4 zolağa genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Yolun Qobustan şəhərinədək olan hissəsi demək olar ki, başa çatmaq üzrədir. Cənab Prezidentin qeyd etdiyi kimi bu Qobustan və Bakı şəhərini zaman baxımından daha da yaxınlaşdıracaqdır. Eyni zamanda rayonumuzun iqtisadi, sosial və mədəni inkişafına öz töhfəsini verəcəkdir.
    Yığıncaqda rayonda aztəminatlı ailələrə, şəhid ailələri, qarabağ əlilləri və hərbi xidmət əlillərinə diqqət və qayğı, əhalinin sosial müdafiəsi, işlə təmin olunması məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanaraq  bildirildi ki, Novruz bayramı və  Ramazan bayramlarının hər birində 520 ailəyə, eyni zamanda “N” saylı hərbi hissənin əsgərlərinə İcra hakimiyyəti tərəfindən bayram payları, Ramazan bayramı ərəfəsində “Polad Yol Yapı” anonim Şirkəti tərəfindən də 150 ailəyə bayram sovqatı verilmişdir.
     Rayon üzrə 2329 nəfər sosial müavinət, 4623 nəfər pensiya, 657 ailə isə ünvanlı dövlət sosial yardımı alır.   
    Rayonda əhalinin məşğulluğunun təmin olunması istiqamətində bir sıra tədbirlər görülür. Cənab Prezidentin tapşırığı ilə bu ilin fevral ayında rayonumuzda müxtəlif sahələr üzrə 212 ictimai iş yeri açılmış, 203 nəfər həmin iş yerlərində müvafiq işlə təmin olunmuşdur. Bundan əlavə təkcə bu ilin 6 ayında su və kanalizasiya layihəsini həyata keçirən “Çukurova Su İstilik Quraşdırma Birgə Müəssisəsi” MMC-də 91 nəfər işlə təmin olunmuşlar. Ümumilikdə isə bu layihə üzrə rayonda 316 nəfər çalışır.     
          Məruzədə müvafiq dövr ərzində səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman sahəsində əldə edilən uğurlardan da danışılaraq bildirildi ki, cənab Prezidentin tapşırığı əsasında rayon üzrə 25615 nəfər tibbi müayinədən keçmiş, 1814 nəfər ambulator müayinəyə, 75 nəfər stasionar müayinəyə cəlb edilmiş, 10 nəfər cərrahi əməliyyat olunmuş, 106 nəfər isə müayinə üçün Bakı şəhərinə göndərilmişdir.
     Rayonumuzda təhsilin səviyyəsi əvvəlki illə müqayisədə yüksələrək rayon üzrə IX sinif məzunlarının nəticələrində  7 faiz müsbət dinamika olmuşdur.
    Qobustan 2 saylı tam orta məktəbin şagirdi Bayramova Rəvanə Səyavuş qızı “Milli mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin respublika mərhələsində müvəffəqiyyətlə çıxış edərək Respublika birincisi olmuşdur.
    Ş.Şikarov adına Sündü kənd tam orta məktəbinin IX sinif şagirdi Ağaverdiyev Aydın Habil oğlu tarix fənni üzrə Respublika fənn Olimpiadasının qalibi olaraq qızıl medala layiq görülmüşdür.
   İdman sahəsində də bu ilin 6 ayında bir sıra uğurlarımız olmuşdur. Ukraynanın Xarkov şəhərində Karate üzrə  keçirilən dünya çempionatında rayon idmançısı İbad Rzazadə uğurla çıxış edərək 2 qat dünya çempionu adına layiq görülmüş, yetirməsi Rəvan Əkbərov isə dünya üçüncüsü olmuşdur.
   Cüdoçu Babarəhim Mirzəyev “Adana kurtuluş kupası Türk cumhuriyyetleri uluslararası Cüdo turniri”ndə də uğurla çıxış edərək öz çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlmiş və fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
    Ağır atletika üzrə yeniyetmələr arasında ötən ay keçirilən ölkə birinciliyində isə gənc ağır atlet  Kamran Ağalarov  ona bəslənilən ümidləri doğruldaraq 1-ci yerə layiq görülmüşdür.
   “Multikulturalizm ili”  elan edilməsi ilə bağlı rayonda bir sıra silslə tədbirlər keçirilmiş, Heydər Məscidində vəhdət namazı qılınmış, Rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birlikdə “Mədəni müxtəliflik tolerantlıq müstəvisində” mövzusunda konfrans keçirilmişdir.  
  Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə əldə olunan uğurlara və mövcud problemlərə toxunan başçı məruzəsində diqqətə çatdırdı ki,  rayonda 24645 ha sahədə taxıl əkilmişdir ki, bundan 15436 ha  buğda, 9209 ha isə  arpadır. 198,5 ha sahədə isə yazlıq əkinlər əkilmişdir. Bu il rayonumuzda ziyanvericilərə qarşı ciddi mübarizə tədbirləri aparılmışdır. Bütün kəndlərə dövlət tərəfindən pulsuz dərman preparatları verilmiş, Bitki Mühafizə İdarəsi tərəfindən vətəndaşlara birbaşa köməkliklər göstərilmişdir. Eyni zamanda əkinlərdə qidalandırıcı gübrələrdən səmərəli şəkildə istifadə olunmuşdur. Elə bunun nəticəsidir ki, taxılçılıq üçün əlverişli keçməyən hava şəraitində əkinlərimizin vəziyyəti qənaətbəxşdir. Bu il biz 55,0 min tona yaxın taxıl istehsalını gözləyirik.
    Hazırda rayonda biçin işləri gedir. Ümumilikdə 18,0 min hektardan artıq sahədə biçin aparılmış, hər hektardan məhsuldarlıq 22,3 sentner təşkil etmişdir. Biçin kampaniyasına 110 kombayn cəlb edilmişdir. Bu sahədə çətinlik yoxdur. Hava şəraiti imkan verərsə ayın sonunadək biçin işlərini rayon üzrə yekunlaşdıracağıq.
    Bu ilin birinci yarısında 1 dövlət, 1 Bölgə Təcrübə Stansiyası və 14 fiziki şəxs tərəfindən 2900 ha sahədə taxıl toxumu əkilmişdir. Bu orta hesabla 8,0 min tondan çox toxum istehsalı deməkdir ki, bunun da 5,0 tona yaxını daxili tələbat, qalan hissəsi isə digər rayonlara satılması üçün nəzərdə tutulur.
   Onu da qeyd edək ki, hazırda “Qobustan” buğda sortu dəmyə şəraitində həm məhsuldarlıqda, həm də xəstəlik və yatmaya qarşı davamlılıqda xüsusilə seçilir.
    Məlumunuz olduğu kimi 16 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə yaradılmış "Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması" ilə əlaqədar işçi qrupu rayonumuzda oldu. Müxtəlif sahələrə baxış keçirildi, eyni zamanda ictimaiyyət və sahibkarlarla görüşərək müvafiq tövsiyələrini verdilər.
  Qeyd edək ki, əvvəllər əkin sahəsi olmuş, sonradan isə bələdiyyənin örüş sahəsi kimi daxil edilmiş ümumilikdə 1630 hektar sahənin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmiş, lakin uzun illər istifadəsiz qalmış 1000 hektarlıq sahənin rayonun əkin dövriyyəsinə qaytarılması, Pirsaat və Qozluçayda bəndlərin və nasos stansiyalarının qurulması yolu ilə 6000 hektar sahədə suvarma əkinçiliyinin yaradılması üçün müvafiq danışıqlar aparılır. Eyni zamanda bələdiyyələr tərəfindən icarəyə verilmiş örüş sahələri də tərəfimizdən təhlil edilmiş, istifadəsiz saxlanılmış və ya səmərəsiz istifadə olunan 6 müqaviləyə müvafiq bələdiyyələr tərəfindən xitam verilmişdir. Bu sahədə nəzarət tədbirləri bundan sonra da artırılacaqdır.
     Rayonumuzda kənd təsərrüfatının inkişaf etmiş sahələrindən biri də heyvandarlıqdır. 2016-cı ilin birinci yarısında mal-qaranın baş sayı 0,3 faiz artaraq 30468 başa, qoyun və keçilərin baş sayı 0,2 faiz artaraq 190298 başa, quşların baş sayı 1 faiz artaraq 87080 başa çatmışdır.
     Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,4 faiz, süd istehsalı 2,4 faiz, yumurta istehsalı 4,6 faiz artmışdır.
   Onu da qeyd edək ki, artıq rayonda Kənd Təsərrüfatı İdarəsi fəaliyyətə başlamışdır. Biz Kənd Təsərrüfatı İdarəsi üçün inşa edilmiş inzibati binanın açılışını etdik. Burada işləmək üçün hər bir şərait yaradılmışdır. Yeni rəhbərlik və kollektiv ciddi işləməlidir. Biz növbəti ilin məhsulunun bünövrəsini bu il qoyuruq. Məhz buna görə də şum çıxarılması işinə xüsusi diqqət yetirilməli, vaxtında və keyfiyyətli şumun çıxarılmasını, səpinə hazırlıq işlərinin vaxtında başa çatdırılmasını təmin etməliyik. Bu sahədə yeni yaradılmış idarənin üzərinə çox böyük vəzifələr düşür.
    Rayonda aparılan tikinti, quruculuq və abadlıq işlərindən danışan RİH-nin başçısı Adil Məmmədov vurğuladı ki, cənab Prezidentin sərəncamı ilə başlanılmış Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam etdirilir.
   Qobustan şəhərində daxili imkanlar hesabına tikilən 100 yerlik uşaq bağçası-körpələr evində son tamamlama işləri aparılır. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər üçün tikilmiş 50 yerlik Adaptasiya Mərkəzinin yaxın aylarda istifadəyə verilməsi gözlənilir.
    Rayonun Ərəbşalbaş kəndində yerli sahibkar tərəfindən 500 yerlik şadlıq evi tikilib istifadəyə verilmişdir.
     Qobustan şəhərində 1 Qarabağ əlili və 1 şəhid ailəsi üçün, Sündü kəndində isə 1 Qarabağ əlili üçün fərdi yaşayış evlərinin tikintisi aparılmışdır. Rayonun daxili imkanları hesabına 4 yataq əlili olan Zümrüd Kərimova üçün tərəfimizdən 2 otaqlı yaşayış evinin tikintisinə başlanılmışdır. 1-ci qrup hərbi xidmət əlili Zahidov Tural Müşfiq oğlunun evinin təmiri ilə əlaqədar isə qismən köməklik göstərilmişdir.
    Cənab Prezidentin çoxmənzilli binaların təmiri üçün ayrılmış vəsait hesabına işlər davam etdirilir. Hazırkı vaxtadək 1 çoxmənzilli binanın fasadı, 5 binanın dam örtüyü tamamilə dəyişdirilmişdir. Təmir işləri davam edir.
    Qobustan şəhərində aztəminatlı ailələr üçün güzəştli ipoteka şərtləri ilə  36 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur.
     Tərəfimizdən aprel döyüşlərində şəhid olmuş Bədəlli kənd sakini Müstəcəbov Orxan Ələsgər oğlunun qəbrüstü abidəsinin tikintisi başa çatdırılmışdır. Eyni zamanda Yekəxana kənd tam orta məktəbinə şəhidin adının verilməsi üçün tərəfimizdən Nazirlər Kabineti qarşısında vəsadət qaldırılmışdır.
Hesabat dövrü ərzində yaşıllıqların salınması və qorunması  məqsədilə 1600 ədəd ağac və qızılgül kolları (ümumilikdə  7,0 mindən artıq) əkilmişdir.     
     Vətəndaş müraciətlərinə baxılması daim nəzarətimizdə saxlanılır deyən RİH başçısı qeyd etdi ki, İcra hakimiyyəti başçısının xidmət təşkilatları ilə birlikdə rayonun bütün kəndlərini əhatə edən səyyar qəbullarda  problemlərin yerindəcə öyrənilib aradan qaldırılması şəffaflığın təmin  olunmasına, şikayət xarakterli müraciətlərin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdur. Təkcə bu ilin 6 ayında rayonumuzda 5 mərkəzi İcra hakimiyyəti orqanının rəhbəri tərəfindən qəbul görüş, İcra hakimiyyəti başçısı tərəfindən isə yaşayış mövcud olan 29 yaşayış məntəqəsindən 25-də səyyar qəbul-görüş  keçirilmişdir.
    08.02.2016-cı il tarixdən 07.03.2016-cı il tarixə kimi səyyar “Asan xidmət” rayonumuzda olmuş və müraciət etmiş 2000-dən artıq vətəndaşa xidmət göstərilmişdir.
  RİH başçısı cənab Adil Məmmədovun əhatəli və məzmunlu hesabat məruzəsindən sonra çıxışlar başladı. Qobustan Elektrik Şəbəkəsinin rəisi Ə.Əliyev, Rayon Təhsil Şöbəsinin müdiri F.Gülalıyev, ZBTS-nin direktoru Atabəy Cahangirov, Nabur kəndi üzrə ərazi icra nümayəndəsi T.Balakişiyev, Cəyirli bələdiyyəsinin sədri A.İsmayılova çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş və qarşıda duran işlər barədə ətraflı məlumat verdilər.
Hesabat yığıncağında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi Günel Səftərova  qərar layihəsini oxudu.
  Tədbiri yekunlaşdıran  Rayon İcra Hakimiyyətinin başçısı A.Məmmədov mövcud nöqsanların aradan qaldırılması və  qarşıda duran vəzifələrlə bağlı aidiyyəti təşkilatlara öz tapşırıqlarını verdi. Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı, onun əsas bölmələri olan əkinçiliyin, xüsusən də taxılçılığın və  heyvandarlığın  daha  yaxşı inkişaf etdirilməsi ilə bağlı tövsiyələrini verdi.
Hesabat yığıncağının sonunda 22 İyul - Milli Mətbuat Günü münasibətilə rayonun bir qrup mətbuat işçisinə fəxri fərmanlar təqdim olundu.

Keçidlər